İdman

gimnastikadan

başlayır

"Burada Avropa və dünya standartlarına cavab verən gimnastika alətləri mövcuddur"

06 fevral 2024

- Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Mənim adım Aleksandr Kimdir. Mən kişi idman gimnastikası üzrə Qazaxıstan yığma komandasının baş məşqçisiyəm. Buraya 6 gimnast, 3 məşqçi, 1 həkim və 1 massajçıdan ibarət heyətlə gəlmişik.

- Necə oldu ki, qarşıdakı yarışlara burada hazırlaşmaq qərarına gəldiniz?
- Azərbaycan çox gözəl ölkədir. Burada şərait yaxşıdır və idman alətləri çoxluq təşkil edir. Burada Avropa və dünya standartlarına cavab verən “SPIETH” brendinə məxsus gimnastika alətləri mövcuddur. Rahatlıq baxımından da bu zal deyərdim ki, mükəmməldir.

- Zəhmət olmasa, idmançılarınız barədə daha ətraflı məlumat verərdiniz?
- Hazırda keçirilən təlim-məşq toplanışında ən məşhur gimnastımız Milad Kərimi iştirak edir. O, son dünya çempionatında sərbəst hərəkətlərdə bürünc medal əldə edib. Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısıdır və eləcə də, Paris-2024 Olimpiadasına vəsiqə qazanıb. Burada ölkəmizi təmsil edən kişilərdən ibarət idmançılarımızın hər biri böyüklərdən ibarət Qazaxıstan milli komandasının üzvləridirlər. Komandamız qarşıdakı Dünya kuboklarına hazırlaşır. Federasiyanızla yüksək səviyyəli əlaqələrimiz mövcuddur. Hər şeyə görə təşəkkür edirik.

- Burada hansı məşqləri keçirsiniz?
- Biz burada texniki məşqlər edir, alətlər üzərində işləyirik. Ümid edirəm ki, Dünya kubokuna hazırlığımız yaxşı gedir. İnanıram ki, digər gimnastımız da Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Bunun üçün onun üç Dünya kubokundan ikisində qalib gəlməsi kifayətdir.

- Azərbaycan idmançıları barədə fikirlərinizi bilmək istərdik.
- Kişi idman gimnastikası üzrə baş məşqçinizi və yığma komandanın bütün üzvlərini tanıyıram. Gimnastlarınız çox güclüdürlər. Ümid edirəm ki, Azərbaycan gimnastları halqalar və çoxnövçülük üzrə Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.