İdman

gimnastikadan

başlayır

"Burada məşq etmək üçün gözəl şərait mövcuddur"

21 avqust 2023

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bədii gimnastika üzrə Serbiya milli komandasının və “Ritam” klubunun məşqçisi Milena Relin Tatiçlə müsahibəni təqdim edir.
- Azərbaycana xoş gəlmisiniz. Təlim-məşq toplanışında hansı heyətlə iştirak edirsiniz?
- Azərbaycana komandamızın 2 ən yaxşı gimnastı ilə birgə gəlmişəm. Böyüklər arasında çıxış edən gimnastlarımızdan biri İspaniyanın Valensiya şəhərində keçiriləcək dünya çempionatına hazırlaşır. Digər gimnast isə gənclər arasında Serbiya çempionudur.  
- Məşqləriniz necə keçir?
- Biz burada özümüzü çox yaxşı hiss edirik. Mən AGF-nin İcra Komitəsinin üzvü Mariana Vasilevaya minnətdaram ki, o bizi Bakıya dəvət edib. Biz onunla  neçə illərdir ki, tanışıq. Düşünürəm ki, burada dünya çempionatı öncəsi məşqlər bizim üçün çox faydalı olacaq. Məşqlərimizə balet dərsləri, gimnastika alətləri ilə iş daxildir. Deyə bilərəm ki, sizin heyrətamiz bir zalınız var. Burada məşq etmək üçün gözəl şərait mövcuddur. Təəssüf ki, Serbiyada bədii gimnastika üçün  xüsusi zalımız yoxdur.
- Serbiyada bədii gimnastika necə inkişaf edir?
- Son 10 ildə bədii gimnastika çox yaxşı inkişaf edib. Təxminən 20 il bundan əvvəl bədii gimnastika üzrə cəmi 3 klubumuz var idi. Hazırda federasiyamızda 25-dən çox klub fəaliyyət göstərir. Yarışlar üçün “C”, “B” və “A” kateqoriyaları mövcuddur. “C” kateqoriyası üzrə  800-dən çox gimnast  var. Lakin, vurğuladığım kimi, daha yüksək nəticə qazanmaq, həqiqətən, çətindir.
- Bakıya ilk dəfə səfər edirsiniz?
- Xeyr. Səhv etmirəmsə, bu, mənim Bakıya 5-ci və ya 6-cı səfərimdir. Azərbaycan heyrətamiz bir ölkədir və Bakı şəhəri mənim çox xoşuma gəlir. Hər dəfə buraya gəldikdə, yeni tikililərin və dəyişikliklərin şahidi oluram. Bu ölkə, həqiqətən də möhtəşəmdir.
- Bəs Azərbaycanda gimnastikanın inkişafını necə dəyərləndirirsiniz?
- Bir sözlə, möhtəşəm. Mən Azərbaycan Gimnastika Federasiyasınıa və AGF-nin İcra Komitəsinin üzvü Mariana Vasilevaya çox minnətdaram. Biz onun sayəsində buradayıq. Federasiyanızda çalışan digər şəxslərə, Natalya Bulanova, Yevgeniya Vilyayeva, Nigar Abdusalimova və Siyana Vasilevaya minnətdarlığımı bildirirəm. Çox gözəl məşqçiləriniz və xoreoqraflarınız var. Onlar çox peşəkardırlar. Özümüzü evdəki kimi hiss edirik. Bura olduqca fantastik və heyrətamizdir.
- Qarşıda sizi hansı yarışlar gözləyir?
- Buraya səfərimizin əsas məqsədi Valensiyada keçiriləcək dünya çempionatıdır. Yarışa 10 gün qalıb. Gimnastlarımız burada yarışlara ən uyğun  vaxtda hazırlıq keçirlər. Ümid edirəm ki, bu məşqlərin bəhrəsini Valensiyada görəcəyik. Sözsüz ki, hər kəsə, Azərbaycanı fərdi və qrup hərəkətləri proqramında təmsil edən gimnastlara uğurlar azrulayıram. Ümid edirəm ki, mənim də yetirməm yüksək nəticə əldə edəcək.