03 may 2023
-Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
Mənim adım Marqarita Mamzinadır. ABŞ-ın qrup hərəkətləri üzrə yığma komandasının baş məşqçisiyəm.
- Azərbaycanla bağlı təəssüratlarınızı bilmək istərdik.
Bu, mənim Bakıya ilk səfərim deyil. Burada olmaq hər zaman xoşdur. Mən Çikaqoda yaşayıram. Orada hava sərt olur. Burada isə hava şəraiti mülayim və günəşlidir. Gəzmək üçün çox əlverişlidir. Bir sözlə, Bakı şəhərini xoşlayıram.
- Məşqləriniz necə keçir və təlim-məşq toplanışından hansı gözləntiləriniz var?
Burada məşq etmək, digər komandaların məşqini izləmək bizə böyük üstünlük qazandırır. Adətən, idman zalında tək məşq etmək bir qədər darıxdırıcı olur. Digər idmançıların necə məşq etdiyini görmək isə komandanı daha da ruhlandırır. Növbəti məqsədimiz Portimao şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya kubokuna hazırlaşmaqdır. Düşünürəm ki, hazırlıqla bağlı uğurlu seçim etmişik.
Qarşıda sizi daha hansı yarışlar gözləyir?
Biz iyunun əvvəlində keçiriləcək Pan-Amerika çempionatına hazırlaşırıq. Bu yarış Pan-Amerika Oyunlarına təsnifat xarakteri daşıyır və əlbəttə ki, Valensiya şəhərində keçiriləcək dünya çempionatına hazırlıq üçün böyük bir mərhələ hesab olunur.
- ABŞ-da bədii gimnastikanın inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Bədii gimnastika son on ildə irəliyə doğru böyük bir addım atıb. Deyərdim ki, ABŞ bütün dünyada bədii gimnastikanı ən gec inkişaf etdirməyə başlayan ölkədir. Amma biz çox işləyirik. Təmsilçilərimiz 3 Olimpiya Oyunlarında iştirak ediblər və klubların sayı getdikcə artır. Deyərdim ki, bədii gimnastika ABŞ-da günü-gündən populyarlaşır.
- ABŞ-də gimnastikanın daha hansı növləri tanınır?
- Təbii ki, idman gimnastikası. ABŞ idmançıları müxtəlif yarışlarda və Olimpiadada qızıl medallar qazanıblar. Biz bunu davam etdirməyə çalışırıq.
- Zəhmət olmasa, Milli Gimnastika Arenası barəsində fikirlərinizi bildirərdiniz.
- Arena çox gözəldir. Deyərdim ki, bu, dünyanın ən möhtəşəm idman qurğusudur. Burada çoxlu xalçalar var. Bir sözlə, gimnastikanı peşəkar səviyyədə inkişaf etdirmək üçün hər cür şərait mövcuddur.
- Azərbaycan gimnastlarını digərlərindən fərqləndirən əsas cəhət nədir?
- Sözsüz ki, onların artistizm bacarıqları, xalçadakı nümunəvi çıxışları. Onların çıxışlarını çox bəyənirəm.
- Gənc nəsil gimnastlara nə arzu etmək istərdiniz?
- İlk növbədə səbrli olsunlar və tələsməsinlər. Məşqçilərə diqqətlə qulaq assınlar. Belə olan halda uğur onları hər zaman lazımi anda tapacaq.