04 aprel 2025
Beynəlxalq Gimnastika Federasiyasının “Gimnastika hamı üçün” komitəsinin prezidenti Roqerio Valerio ilə müsahibəni təqdim edirik.
Bakıda keçirilən FIG “Gimnastika hamı üçün” kollokviumu haqqında nə deyə bilərsiniz?
- Biz bu cür tədbirləri hər il təşkil edirik. Tədbirlərdə dünyanın müxtəlif ölkələrinin federasiya nümayəndələri iştirak edir. Biz onlara gördüyümüz işlərin nəticələrini təqdim edirik, planlarımız, qarşıya qoyduğumuz məqsədlər və çatmaq istədiyimiz hədəflər haqqında danışırıq. Burada bir-birimizi dəstəkləyirik. Hər bir ölkə, hər bir iştirakçı öz ideyalarını paylaşır.
Kolokvium iştirakçılarının aktivliyi barədə nə deyə bilərsiniz?
- Kollokviumdakı aktivlik möhtəşəmdir. Müxtəlif ölkələrdən gələn nümayəndələr çox ünsiyyətcildirlər, bir-biri ilə sıx əlaqə qururlar. Bakıda əla bir kolokvium keçirilir. Burada olduğumuz üçün çox sevincliyik.
Sizin üçün “Gimnastika hamı üçün” nə ifadə edir?
- Bu, mənim üçün gimnastika dünyasına açılan bir qapıdır. Bu, hər kəsin ömür boyu məşğul ola biləcəyi bir gimnastika növüdür. Eyni zamanda sağlam həyat tərzi, daim formada qalmaq, gözəl görünmək və yeni dostlar qazanmaq imkanıdır.
Gələcək üçün hədəfləriniz nələrdir? “Gimnastika hamı üçün” növünü daha çox ölkədə inkişaf etdirmək planlarınız varmı?
- Bəli, bizim məqsədimiz daha da fəal olmaq, bütün federasiyalarla əməkdaşlıq etməkdir. Biz bu növü daha da inkişaf etdirmək istəyirik.