İdman

gimnastikadan

başlayır

"Gənc nəslə töhfə vermək çox xoş hissdir"

01 mart 2023

Martın 1-də Bakı Olimpiya İdman Kompleksində tanınmış ukraynalı bədii gimnast, Yay Universiadasının gümüş mükafatçısı, Çin milli komandasının və Çinin Şensi əyalətinin yığma komandasının məşqçisi Alyona Dyaçenkonun rəhbərliyi altında bədii gimnastika üzrə ustad dərsləri keçirilib. Məşğələlərdə 9 klubdan 120 gimnast iştirak edib. Daha sonra məşqçi Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

- Azərbaycana xoş gəlmisiniz. Özünüz barədə məlumat verərdiniz.

- Mən Ukrayna milli komandasının tərkibində çıxış etmişəm. Bədii gimnastika ilə 6 yaşımdan məşğul olmağa başlamışam. İdman karyeramı 19 yaşımda bitirmişəm. Demək olar ki, aldığım zədə üzündən karyeramı sonlandırmalı oldum.

- Hazırda karyeranızı məşqçi kimi davam etdirirsiniz?

- Artıq 3 ildir ki, Çin milli komandasını və Çinin Şensi əyalətinin yığma komandasını məşq elətdirirəm.

- Burada rəhbərliyiniz altında təşkil olunan ustad dərsləri necə keçdi?

- Çox xoşuma gəldi. Uşaqların hamısı mehribandırlar, hamının üzündə təbəssüm var idi. Ümid edirəm ki, uşaqlar da məşqlərdən zövq aldırlar. Yeni biliklər öyrətmək, yeniliklər gətirmək, gənc nəslə töhfə vermək çox xoş hissdir.

- Necə düşünürsünüz, bu cür ustad dərslərinin idmançılar üçün əsas faydası nədir?

- Hesab edirəm ki, bu cür məşğələlər klublarda məşq edən kiçik yaşlı gimnastlar, eləcə də ölkənin milli komandasında yer ala bilməyən və ya təhsilə üstünlük verən gimnastlar üçün dünya bədii gimnastikası ilə tanış olmaq fürsətdir. İkinci tərəfdən, yeni hərəkətlər öyrənmək imkanıdır. Bu məşq daha çox ruhlandırıcı və yeni təcrübə xarakteri daşıyır.

- Uşaqlara hansı bilikləri ötürə bildiniz?

- Ümid edirəm ki, uşaqlar aləti bir az daha çox hiss etməyi, sevməyi, həmçinin onunla bir əşya kimi yox, uşaq kimi və ya bir insan kimi rəftar etməyi öyrəndilər.

- Bu, Bakıya ilk səfərinizdir?

- Xeyr, bu mənim Bakıya üçüncü səfərimdir. Ukrayna yığma komandasının tərkibində yarışda iştirak etmişəm. Dünya kuboku ilə bağlı səfərim olub. Burada gəzməyə də imkan tapmışıq. Bakını çox bəyənirəm, çox gözəl şəhərdir. Doğma şəhərim Kiyevi xatırladır.

- Azərbaycan gimnastları ilə bağlı fikirlərinizi bizimlə bölüşərdiniz

- Hesab edirəm ki, Azərbaycan gimnastları, ümumilikdə Azərbaycan gimnastika məktəbi çox güclüdür. Çox güclü bazanız var. Son illər ərzində onlar çox inkişaf ediblər. Hesab edirəm ki, onlar həm Ukrayna, həm də bütün dünya yığmaları üçün ciddi rəqib hesab olunurlar.

- Gənc gimnastlara nəyi tövsiyə edirsiniz?

- Balaca gimnastlara məsləhətim odur ki, vaxtlarını hədər yerə sərf etməsinlər və gördükləri işi sevgi ilə yerinə yetirsinlər. Hər gün özlərini bu sahəyə həsr etsinlər. Gimnastların karyerası çox qısadır və sözsüz ki, əbədi deyil. Bunu ürəkdən yaşamaq lazımdır.