06 fevral 2024
- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Mənim adım Habiba Marzukdur. Mənim 22 yaşım var. Misir yığma komandasını təmsil edirəm. Tokio-2020 Olimpiya Oyunlarının iştirakçısı olmuşam. Dörd Dünya kubokunun və üç dünya çempionatının iştirakçısı olmuşam. 2023-cü ildə Afrika çempionu adını qazanmışam.
- Ölkəmizə dəfələrlə səfər etmisiniz. Buradakı məşqləriniz necə keçir?
- Əslində bu, mənim buraya beşinci və ya altıncı səfərimdir. Məkan çox rahatdır. Məşqçilər çox yaxşıdırlar. Onlar bütün təcrübələrini bölüşmək üçün əllərindən gələni edirlər. Burada fərqli təcrübə, fərqli yanaşma olduğu üçün məşq üçün ölkənizi seçmişəm. Buraya gəlmək hər zaman mənim üçün xoşdur.
- Burada hansı yarışlara hazırlaşırsınız?
- İspaniyanın Marbella şəhərində keçiriləcək Qran-Pri və Paris-2024 Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Afrika çempionatına hazırlaşıram. Biz burada səhər və günortadan sonra məşqlər edirik. Əlbəttə ki, fitnes, balet, həmçinin bərpa məşqləri də yerinə yetiririk. Təsnifat yarışlarına hazırlıqla bağlı hərtərəfli məşq edirik.
- Necə düşünürsünüz, bədii gimnastikanı fərqləndirən əsas cəhət nədir?
- Bu, çox fərqli və unikal bir idman növüdür. Düşünürəm ki, digər idman növlərinin hər birindən fərqlidir. Bir sıra sahəni özündə birləşdirir. Bu növ, qeyd etdiyim kimi, balet, fitnes, rəqs növləri və eyni zamanda, musiqi ilə vəhdət təşkil edir. Bu növ insandan dözümlülük, xarakter və güclü olmağı tələb edir.
- Yeni proqramınızda nəyə üstünlük vermisiniz?
- Əslində, mən üç yeni proqram hazırlamışam. Bu, çox riskli bir addımdır. Lakin dəyişiklikləri xoşlayıram. Mənim yeni çıxışlarım halqa, top və gürzlərlədir. Lentlə olan proqramım isə Misirə həsr olunub. Buna görə həmin proqramda dəyişiklik etmədim.
- Bəs bu növdə uğur qazanmaq üçün nə etmək lazımdır?
- Düşünürəm ki, bu növdə bir sıra məqamlara diqqət yetirmək lazımdır. Texniki cəhətdən diqqətini bu növə yönləndirməlisən. Əks halda, istədiyinə nail olmaq mümkün deyil. Əgər diqqətinizi cəmləsəniz və məşğul olduğunuz işdən həzz alsanız, siz bunu bacaracaqsınız.
- Çıxışlarınızda artistizmə daha çox üstünlük verirsiniz.
- Əslində, bu, mənim bədii gimnastikada ən çox sevdiyim məqamdır. Burada özümü ifadə edə bilirəm. Mənim çıxışlarım fərqli artistizm elementləri üzərində qurulub. Beləliklə, biri templi, biri çox duyğulu, biri əyləncəli, digəri isə Misir haqqındadır. Özümü hər bir çıxışım vasitəsilə ifadə edirəm.
- Ən sevdiyiniz alət hansıdır?
- Bu, gürzlərdir. Gürzlərlə rəqs elementlərini icra etməyi çox sevirəm. Bu alətlə məşq etməyi çox xoşlayıram. Asan olmasa da, bu, əyləncəli alətdir. Buna görə də gürzlərlə çıxışlara baxmaq maraqlıdır.