17 mart 2015
Svetlana Makştaryova – batut idman növündə çıxış edən azərbaycanlı gimnastlardan biridir. Digər gimnast Səbinə Zaytseva ilə birlikdə ölkəmizi yayda Bakıda keçiriləcək Avropa Oyunlarında təmsil edəcək.
Yarışın formatına əsasən, batutçular arasında fərdi və sinxron yarışlarda 4 dəst medal oynanılacaq. Medallar uğrunda ən güclülər mübarizə aparacaq.
Bunun üçün biz, Svetlanadan oyunlara hazırlıq, həyatı, karyerası və idman haqqında soruşduq.
Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
Mən gimnastika ilə təsadüfən məşğul olmağa başladım. Birinci sinifdə oxuyarkən, dərslərin birində mənim gələcək məşqçim Vladimir Şulikin və Lidiya Bolotnikova gəldilər. Onlar uşaqları yığırdılar və məni də dəvət etdilər. Beləcə, mən idmana gəldim. Bu idman növünü seçməmişdim, amma belə alındı.
Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
Bəlkə də, alınardı. Mən hər zaman bacımın məşqlərini izləyirdim və gizlicə nələrisə təkrar etməyə çalışırdım.
Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
Yarış günü mən çox həyəcanlı oluram. Amma mənim üçün ən əsası məşqçimin yanımda olmasıdır. Mənim üçün onun dəstəyi çox vacibdir.
Fikrincə hər hansı idman növündə vacib olan nədir?
Əzmkarlıq, xarakter və özünə inam.
Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
Hər şey idman növündən aslıdır. Batut – düşüşlərin olduğu çətin koordinasiyalı idman növüdür.
İdmanda kumirin varmı?
Xeyr, kumirim yoxdur.
Yaxın gələcək üçün idman planlarından danış bir az.
İndi yalnız iyunda Bakıda keçiriləcək Avropa Oyunları haqda düşünürəm. Onlara hazırlaşırıq. Oyunlardan sonra Dünya çempionatı olacaq. Məhz orada Rioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı olacaq.
Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
Avropa Oyunları mənim üçün çox ciddi yarışdır. Oyunlar haqqında hər gün düşünürəm, çünki onlar mənim vətənimdə keçəcək. Mən yaxşı çıxış edib, heç kimi məyus etmək istəmirəm.
İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
Əlbəttə ki, var. İdman karyerası əbədi deyil. Gələcək haqda düşünmək lazımdır.
İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
Mənim üçün idman elə gündəlik həyatdır.
Öz ailən haqda danış bir az.
Mən, demək olar ki, idman ailəsindənəm. Atamdan başqa hamı idmanla məşğul olub. Anam yüngül atletika ilə, bacım isə idman gimnastikası ilə məşğul olub.
Sevdiyin şəxs varmı?
Var, amma bu şəxsidir.
Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
Mən heç kimi eşitmirəm. Çıxışa yaxın özümə qapanıram. Bu anda yalnız mən özüm, batut və məşqçim var.
Onlara nə demək istərdin?
Dəstəyə görə çox sağ olun!