İdman

gimnastikadan

başlayır

"Biz belə gözəl şəraitə malik olan yerlərə gələrək məşq etməliyik"

08 fevral 2023

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Qazaxıstanın batut gimnastikası üzrə milli komandasının baş məşqçisi Vertyankin Sergey ilə müsahibəni təqdim edir.


- Təlim-məşq toplanışına yarışlara başlamazdan xeyli əvvəl gəlmisiniz. Məşqlərəriniz necə keçir və təlim-məşq toplanışından hansı gözləntiləriniz var?
- Biz həmişəki kimi təlim-məşq toplanışına Dünya kubokundan əvvəl gəlmişik, çünki Azərbaycanda yaxşı şərait, batutlar mövcuddur. İlk növbədə, saat qurşağına uyğunlaşmalıyıq. Bu, bizim üçün əlverişlidir, çünki idmançılar artıq alətə, işığa, batutlara alışırlar. Bu, həm də rahatdır, çünki bütün komandanı birlikdə toplayanda hazırlıq daha yaxşı keçir.


- Təlim-məşq toplanışına neçə gimnastla gəlmisiniz?
- Hazırda 5 gimnastla gəlmişik. İlk dəfədir ki, komandamızda bir qız idmançı yer alıb. O və komandamızın artıq böyüklər arasında Dünya kubokunda dəfələrlə çıxış etmiş 4 üzvü yarışa qatılacaq.


- Qarşıdan gələn batut gimnastikası üzrə Dünya kubokundan hansı nəticəni gözləyirsiniz?
- Biz hər dəfə olduğu kimi mübarizə aparmaq və medal qazanmaq məqsədi ilə gəlmişik. İlk növbədə, yeni kombinasiyanı sınayacağıq, çünki qarşıda bizi lisenziya xarakteri daşıyan Dünya kubokları gözləyir. Yeni hərəkətlərimizi yoxlayacağıq, daha sonra isə yeni güclə lisenziya xarakteri daşıyan yarışlarda çıxış edəcəyik. Buraxılan səhvlərin üzərində işləyərək onları düzəltməyə çalışacağıq.


- Azərbaycan və Qazaxıstanda keçirilən məşqlər arasında əsas fərq nədir?
- Ümumiyyətlə, məşqlərdə çox fərq yoxdur. Burada Gimnastika Mərkəzi  daha böyük, şərait isə daha yaxşıdır. Biz Qazaxıstanda da belə Gimnastika Mərkəzinə oxşar zal tikməyi arzulayırıq. Orada bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası və batut gimnastikası olacaq. Lakin hal hazırda bizim yalnız tikinti planlarımız var. Məhz buna görə də, biz belə gözəl şəraitlərə malik olan yerlərə gələrək məşq etməliyik.


- Paytaxtımızla bağlı təəssüratlarınızı bizimlə bölüşərdiniz.
Azərbaycan hər zaman öz qonaqpərvərliyi ilə tanınıb. Biz bunu hiss edirik, bizə çox yaxşı münasibət göstərirlər və burada hamı bizi tanıyır. Çünki bu, bizim ilk səfərimiz deyil. Şərait əladır və biz bura gəlməyimizdən çox məmnunuq.