İdman
gimnastikadan
başlayır
04 sentyabr 2025
Təlim-məşq toplanışı üçün Azərbaycana gələn Bolqarıstanın bədii gimnastika üzrə "Levski-Triaditza" klubunun məşqçisi Bella Karatançeva ilə müsahibəni sizə təqdim edirik.
Təlim-məşq toplanışınız necə keçir?
– Təlim-məşq toplanışımız çox yaxşı keçir. Zal geniş və gözəldir. Bolqarıstandakı zalımızda hər komanda üçün xalçanı dəyişmək imkanı yoxdur, lakin burada belə şərait yaradılıb. Bu bizim üçün çox böyük üstünlükdür. Hazırlığımız yüksək səviyyədə keçdi və komandalar üçün çox faydalı oldu.
Bu təlim-məşq toplanışında hansı yarış üçün hazırlaşırsınız?
– Hazırda Bolqarıstanda keçiriləcək ölkə çempionatına hazırlaşırıq. Mart ayında bu çempionat üçün təsnifat mərhələsi təşkil olunmuşdu. Ən yaxşı komandalar həmin mərhələnin nəticələrinə əsasən “elit” kateqoriyasına vəsiqə qazanırlar.
Yeni qaydalar haqqında nə deyə bilərsiniz?
– Bu qaydalar kifayət qədər çətindir. Ötən Dünya çempionatında gördük ki, tələblər daha da sərtləşib. Qrup hərəkətləri komandalarının səhvsiz çıxış etməsi olduqca çətindir. Amma bədii komponent baxımından bütün ölkələrin komandaları proqramlarına daha orijinal elementlər əlavə etməyə çalışır. Məncə, xüsusilə qrup hərəkətləri komandaları üçün bu, çox müsbət haldır.
Bakını bəyəndinizmi?
– Bakı çox gözəldir, həm mənim, həm də gimnastların ürəyincə oldu. Burada çox gözəl və orijinal memarlıq nümunələri var, axşam şəhərin işıqlandırılması isə möhtəşəmdir. İçərişəhərdə gəzintimiz zamanı milli ab-havanı çox sevdik və şəhərə heyran qaldıq.
Hansı milli yeməyimizi bəyəndiniz?
– Mənim ən çox xoşuma gələn milli paxlava oldu.