07 aprel 2023
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Monqolustanın bədii gimnastika üzrə yığma komandasının məşqçisi Tsoqt Zulzaya ilə müsahibəni təqdim edir.
- Bakıya xoş gəlmisiniz. Bildiyimizə görə, bu, sizin Bakıya ilk səfəriniz deyil. Zəhmət olmasa, paytaxtımızla bağlı təəssüratlarınızı bizimlə bölüşərdiniz.
- Bakı çox sakit, gözəl görünüşlü və möhtəşəm binaları olan şəhərdir. Bakını çox xoşlayıram.
- İlk dəfədir ki, gənclərdən ibarət komanda ilə Bakıya gəlirsiniz. Onların buradakı təlim-məşq toplanışları necə keçir?
- Biz ilk dəfədir ki, gənclərdən ibarət qrup hərəkətləri komandası ilə buraya gəlmişik. Müəyyən irəliləyişlər əldə etmişik. Bu, çox yaxşıdır, qarşıda iki ayımız var. İnanıram ki, daha yaxşı nəticə əldə edəcəyik.
- Komandanızın üzvləri Milli Gimnastika Arenasında keçirilən 28-ci Azərbaycan çempionatında müsabiqədən kənar qüvvələrini sınadılar. Onların yarışla bağlı təəssürratları necədir?
- Azərbaycan çempionatı çox gözəl keçdi. Əslində biz buraya iki həftə əvvəl gəlmişik və bu müddət ərzində məşqlər etdik. İdmançılarımız Azərbaycan çempionatında kifayət qədər yaxşı çıxış etdilər. Məşqçilərimiz də idmançıların yüksək səviyyəli hazırlığı üçün çox çalışırlar. İdmançılarımızda böyük inkişaf hiss olunur. Düşünürəm ki, onlar Asiya çempionatında uğur əldə edəcəklər. Asiya çempionatından sonra gənclər və böyüklər arasında dünya çempionatına hazırlaşacağıq. Komandamızın üzvlərindən yaxşı nəticə gözləyirəm.
- Monqolustanda bədii gimnastikanın inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Son illərdə bizim atletlərimiz çempionatlarda nailiyyətlər qazanırlar. Biz təkmilləşmə mərhələsindəyik. Monqolustanda qızların bədii gimnastikaya marağı artıb. Deyərdim ki, bu idman növü bizim ölkədə sürətlə inkişaf edir.
- Sizcə, Azərbaycan bədii gimnastlarını fərqləndirən xüsusiyyətlər hansılardır?
Azərbaycan idmançıları yaxşı fiziki keyfiyyətlərə, həmçinin yüksək artistizmə malikdirlər. Onlar hər zaman zövqlü gimnastika geyimləri ilə fərqlənirlər.