26 fevral 2024
Çinin batut gimnastikası üzrə milli komandasının məşqçisi, Olimpiya və 12 qat dünya çempionu Donq Donqla müsahibəni təqdim edirik.
- Uğur qazanmaq üçün idmançı hansı keyfiyyətlərə malik olmalıdır?
- İlk növbədə hesab edirəm ki, biz diqqəti məşq prosesinə yönəltməliyik. Prosesin özünü dərindən mənimsəyərək, düzgün yanaşma ilə müvafiq nəticə əldə etmək mümkündür.
İkincisi isə, səbrli olmaq lazımdır. Biz hamımız qızıl medal qazanmaq istəsək də, daha çox uzaqgörən olmalıyıq. Qələbə və ya məğlubiyyətdən asılı olmayaraq, bütün prosesi idarə edə biləcəyimiz yeganə yol budur. Ona görə də hesab edirəm ki, düzgün yanaşma və uzaqgörənlik yaxşı idmançının əsas xüsusiyyətləridir.
- Gənc idmançılara nə tövsiyə edirsiniz?
- Düşünürəm ki, idman gözəldir, maraqlıdır, rəngarəngdir. Buna görə də, kiçik idmançılar bundan sadəcə zövq almalıdırlar. Çünki nəticəyə doğru irəlilədiyimiz yol daha vacibdir.
- Karyeranızın ən uğurlu nəticəsi hansıdır?
- Ən mühüm nailiyyətimi iştirak etdiyim 4 Olimpiya Oyunları və dünya çempionatlarında qazanmışam. Olimpiya Oyunlarının hər birində medal əldə etmişəm. Amma yenə də ən mühüm nailiyyətim idmançı kimi qazandığım təcrübədir. 2008-ci ildə Pekində iştirak etdiyim ilk Olimpiya Oyunlarında qızıl medal qazanmağı arzulayırdım, amma nəticədə bürünc medal əldə etdim. Başa düşdüm ki, diqqətimi düzgün məşq prosesinə yönəltməliyəm və nəticə öz-özünə gələcək.
Nəticədə, Londonda iştirak etdiyim Olimpiya Oyunlarında qızıl medal qazandım.
Məhz buna görə də düşünürəm ki, hazırlıq prosesinin özü yeni medalın qazanılmasından daha vacibdir.