05 avqust 2024
Özbəkistanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının məşqçisi Rano Muhammedova ilə müsahibəni sizə təqdim edirik.
Burada keçirilən təlim-məşqləri necə qiymətləndirirsiniz?
- İlk dəfə deyil ki, biz Bakıya təlim-məşq toplanışına gəlirik. Adətən buraya əhəmiyyətli yarışlardan öncə gəlirik. Bizim üçün bədii gimnastika üzrə Olimpiya Oyunları başlayır. Bu, mövsümün əsas yarışıdır. Sizin arenada bədii gimnastika ilə məşğul olmaq üçün çox yaxşı şərait olduğuna görə burada məşq etmək qərarına gəldik. Azərbaycan Gimnastika Federasiyasına qonaqpərvərliyinə və ölkəmizlə dostluğuna görə minnətdarlığımızı bildiririk.
Burada müsbət ab-hava var, hamı çox mehribandır. Biz xalqınıza, məşqçilərinizə, gimnastlarınıza, federasiya rəhbərliyinə minnətdarıq.
Milli Gimnastika Arenası haqqında nə deyə bilərsiniz?
- Dünyada gimnastikanın inkişafı üçün yaradılan ən yaxşı şərait, məncə, buradadır. Arenada yalnız bədii gimnastika üzrə deyil, idman gimnastikası üzrə milli komandamız da məşq edib. Buradakı şərait çox gözəldir.
Bakıda gəzə bildinizmi?
- Biz İçərişəhəri çox sevirik. Bu dəfə qızlar heç yerə çıxmadılar, çünki önəmli yarışlara hazırlaşırıq, gimnastların diqqətinin yayınmamasına çalışırıq. Artıq bir çox yerləri görüb zövq almışıq. Biz Bakını çox sevirik.
Azərbaycan gimnastikasının nümayəndələri haqqında nə deyə bilərsiniz?
- Sizin gimnastlarınızı tanıyırıq. Zöhrəyə və qrup hərəkətləri üzrə milli komandaya uğurlar arzulayırıq. İnşallah, cəsarətlə və inamla meydançaya çıxıb yaxşı nəticə göstərərlər.