İdman

gimnastikadan

başlayır

Yuliya İnşına: “Planlarım, Avropa Oyunlarında layiqincə çıxış etməkdir”

22 may 2015

Yuliya İnşına: “Planlarım, Avropa Oyunlarında layiqincə çıxış etməkdir”

Yuliya İnşına: “Planlarım, Avropa Oyunlarında layiqincə çıxış etməkdir”

Olimpiya idman növü olan qadın idman gimnastikası, iyun ayında Bakıda təşkil olunacaq Avropa Oyunlarında təmsil olunan idman növlərindən biridir. Azərbaycanı oyunlarda bu idman növü üzrə 3 gimnast təmsil edəcək və onlar 6 cüt medal uğrunda – komanda hesabı, şəxsi növçülük, ayrı - ayrı alətlərdə - gimnastika tiri, müxtəlif hündürlüklü qollar, dayaqla tullanma və sərbəst hərəkətlərdə mübarizə apacaqlar.

Ənənəvi olaraq, biz bu oyunların mümkün iştirakçılarında biri, Yuliya İnşına ilə həmsöhbət olaraq, onun idmana gəlişi və ən vacib yarışa necə hazırlaşmağı barədə maraqlandıq.

Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?

Mən bağçada olanda, gənc məşqçilər gəldi və bizə dəvətnamələr payladılar. Valideynlərim məni zala aparmaq qərarına gəldilər və hər şey buradan başladı. Lakin, bu mənim seçimim idi. İlk gün biz batutda hoppanır, müxtəlif hündürlüklü qollarda sallanırdıq və bu mənim çox xoşuma gəldi.

Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?

Batut gimnastikası ilə və ya suda hoppanma ilə məşğul olmağı arzulayardım.

Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?

Xüsusi sirrləri yoxdur, sadəcə özümü sakitləşdirməyə çalışıram. Çalışıram ki, tamaşaçılar, tribunalardakı azarkeşlər barədə düşünməyim, ancaq alətimi görürəm. Məşqçi də məhz bizə bunu öyrədib.

Fikrincə hər hansı idman növündə vacib olan nədir?

Heç zaman təslim olmamaq. Əgər hər hansı uğursuzluq və ya düşmə ehtimalı varsa, ən əsası təslim olmamaqdır.

Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?

İdman növündən asılıdır, əlbəttə. Fikrimcə, bizim idman növü hər gün təhlükəlidir. Çünki, biz tez-tez alətdən yıxılırıq. Əlbəttə, zədələrdən qaçmaq üçün bizə düzgün yıxılmaq qaydalarını öyrədiblər.

İdmanda kumirin varmı?

Əgər idman gimnastikasından danışırıqsa, əvvəllər Svetlana Xorkina idi, indi isə Aliyə Mustafina, Simona Baylz və Larisa İordaçedir.

Yaxın gələcək üçün idman planlarından danış bir az.

Bu həftə biz Portuqaliyaya, Dünya Kuboku yarışına yollanırıq. Və əlbəttə, Avropa Oyunları. Planda heç kəsi məyus etməmək və yaxşı çıxış etməkdir.

Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?

Bu yarışın mənim üçün nə məna kəsb etdiyini sözlə ifadə etmək çətindir. Bu barədə düşünmək belə məni çox həyəcanlandırır. Mənim üçün ən böyük yarış Dünya Çempionatı idi, orada qarışıq emosiyalar, çox sayda insanlar var idi. Eyni zamanda həm gülmək, həm ağlamaq istəyirdim, təlaş içində idim. Oyunlar barədə, xüsusilə bu yarış Azərbaycanda keçirilsə söz tapmaq çətindir. Lakin, düşünürəm ki, daha asan olacaq, çünki bizi dəstəkləyən insanlar çox olacaq.

İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?

Hələki, yoxdur. İstərdim tibb sahəsində təhsil alım, lakin bunun üçün ilk öncə peşəm üzrə idman institunun bitirməliyəm, daha sonra baxarıq, bəlkə fikrimi dəyişdim (gülür).

İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?

Vacib yarışlar olmayanda bu mümkündür, amma yarışlar zamanı məşqlərdən sonra yoruluram, təkcə seriallara baxmağa imkan olur, başqa heç nəyə.

Öz ailən haqda danış bir az.

Ailəm, idmançı ailəsi deyil, təkcə qardaşım gimnastikayla məşğul olur. Valideynlərim məni hər zaman dəstəkləyir, anam çox narahat olur , atam büruzə verməsə də, hər zaman məni dəstəkləyir.

Sevdiyin şəxs varmı?

Müxtəlif variantlar ola bilər (gülür), lakin hələlik mən böyük idmandayam, ciddi münasibətlər qurmaq mümkün deyil. Əlbəttə gələcəkdə seçəcəyim insanın idmançı, qeyri-adi insan olmasını istərdim.

Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?

Sonuncu çempionatda (Açıq Azərbaycan Çempionatı) xüsusi olaraq, “Lezginka” musiqisi sədası altında nümayiş etdirdiyim sərəbəst hərəkətlərdən öncə hər kəs “Yuliya irəli!” - deyə qışqırırdı.

Onlara nə demək istərdin?

Dəstək olduqları üçün təşəkkür edirəm. Ümid edirəm ki, oyunlarda dəstək daha çox olacaq.