İdman

gimnastikadan

başlayır

"Buradakı mütəxəssislər peşəkarlığı ilə fərqlənir"

27 aprel 2023


- Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti  Meksikanın bədii gimnastika üzrə yığma komandasının məşqçisi Eliza Meza ilə müsahibəni təqdim edir. 
- İlk növbədə Azərbaycana səfərinizlə bağlı məlumat verərdiniz. 
- Buraya fərdi proqramda çıxış edən böyüklərdən ibarət yığma komandanın gimnastları ilə birgə gəlmişik. Komandamız 4 gimnastdan ibarətdir. Qarşıda bizi Pan-Amerika çempionatı gözləyir. Bununla yanaşı, Portimao şəhərində keçiriləcək beynəlxalq turnirə hazırlaşırıq. 1 aydan sonra isə dünya çempionatına təsnifat xarakteri daşıyan Pan-Amerika Oyunlarında çıxış edəcəyik. 
- Təlim-məşq prosesində əsasən nəyə üstünlük verirsiniz? 
- Təlim-məşq toplanışımız iki hissədən ibarətdir. Buradakı məşqlərdə bizə azərbaycanlı məşqçi Aleksandra Reyş kömək edir. Buraya hər səfərimiz zamanı bizə çox isti münasibət göstərilir. Meksika ilə Azərbaycan arasında mehriban dostluq əlaqələri mövcuddur. AGF-nin  İcra Komitəsinin üzvü Mariana Vasileva ilə məşqçimiz Laura Kosta arasında yaxşı münasibətlər var. Burada yüksək səviyyəli mütəxəssislərlə keçirilən məşqlərdən, bizim üçün yaradılan şəraitdən çox razıyıq. 
- Azərbaycana ilk dəfədir ki, gəlirsiniz? 
- Xeyr, biz buraya 2019-cu ildə dünya çempionatı zamanı gəlmişik. İdmançılarımız isə Bakıya 2021-ci ildə Dünya kuboku ərəfəsində səfər ediblər. Azərbaycana əsas səfərimiz Bakıda keçirilən Dünya kubokunda iştirakla bağlı idi. Daha sonra təlim-məşq toplanışı məqsədilə burada qalmağa qərar verdik. Meksikaya yolumuz uzundur. Bir həftədən sonra ölkəmizə geri dönəcəyik. 
- Meksikada gimnastika necə inkişaf edir? 
- Meksikada iki milli məşq mərkəzimiz var. Yığma komandada çıxış edən 9 gimnastımız Mexiko şəhərində yerləşən həmin o mərkəzdə qalır. Komandamızın heyətində 14 gimnast yer alır. Onlardan ikisi kiçik yaşlıdır. Böyüdükdən sonra onlar da milli təlim-məşq mərkəzində məşqlərini davam  etdirəcəklər.
- Bakı ilə bağlı təəssüratlarınızı bilmək istərdik.
- Bakı çox gözəl şəhərdir. Məşq etdiyimiz Milli Gimnastika Arenası dünyada ən heyrətamiz məşq mərkəzidir. Düzünü deyim ki, şəhəri bu cür təsəvvür etmirdik. Bakı çox gözəl və eyni zamanda müasir bir şəhərdir. Lakin qeyd edim ki, bu, bizim buraya ilk səfərimiz deyil. 
- Azərbaycan gimnastları ilə bağlı fikirlərinizi öyrənmək istərdik. 
- Azərbaycan uzun illərdir ilk 10 ən yaxşı komanda sırasında yer alır. Komandanızın heyətində güclü bir gimnastınız var - Zöhrə Ağamirova. O, həmişə yaxşı nəticələr əldə edir. 3 ildir ki, biz bir-birimizi tanıyırıq. Münasibətlərimiz yüksək səviyyədədir. Buradakı mütəxəssislər öz işlərinin peşəkarıdırlar. Məhz buna görə də düşünürəm ki, dünyanın hər yerindən çoxlu gimnastlar Azərbaycana təlim-məşq toplanışına gəlirlər.