06 aprel 2024
Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa özünüzü təqdim edərdiniz.
Çox sağ olun. Mənim adım Olqadır. Biz Birləşmiş Ərəb Əmirliklərindən gəlmişik. Hazırda Dubay və Abu Dabidə iki gimnastika bölməmiz var. Klubumuzun adı isə “Aram gimnastika klubu”-dur.
Məşqlərinizə nə daxildir?
Gimnastika hazırda bizim ölkəmizdə o qədər də yaxşı inkişaf etməyib. Biz qızlarımıza bədii gimnastikada təkmilləşməyə və daha yaxşı olmağa kömək etmək üçün buradayıq. Hazırda gimnastlarımızın alətlərdən istifadə və çıxışlarındaki bəzi səhvləri düzəltməyə çalışırıq.
Zəhmət olmasa “Milli Gimnastika Arenası” haqqında təəssüratlarınızı bizimlə bölüşərdiniz.
Əslində Dubayda və ya Əbu-Dabidə bu cür şəraitin olmasını istərdik. Bura bizim üçün çox heyrətamizdir. Sözsüz ki, yenidən bura səfər etməkdən şad olarıq. Bu, təkcə qızlar, yəni gimnastlar üçün deyil, həm də bizim üçün böyük bir təcrübədir.
Bəs sizin ölkədə gimnastika necə inkişaf edir?
Qeyd etdiyim kimi, bizim ölkədə bədii gimnastikanın populyarlığı çox da geniş deyil. Biz Dubay və Abu Dabidə bədii gimnastikanı təkmilləşdirməyə çalışırıq. Bu, bizim üçün bir missiyadır. Dubayda federasiyamız belə yoxdur. Biz sadəcə Birləşmiş Ərəb Əmirliklərini beynəlxalq arenalarda layiqincə təmsil edəcək yüksək səviyyəli gimnastlar yetişdirməyə çalışırıq.
Bu Bakıya ilk səfərinizdir?
Mən bir neçə il öncə başqa bir klubun tərkibində Bakıya səfər etmişəm. Düzünü desəm, hansı yarış üçün gəldiyimi xatırlamıram. Əlbəttə ki, bundan öncə yarışda iştirak etdiyim klub ilə hazırda işlədiyim klub arasında tamam fərqli təcrübələr var. Biz burada olmaqdan məmnunuq.