01 oktyabr 2021
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti təlim-məşq toplanışı məqsədilə ölkəmizə səfər etmiş Kosta-Rikalı bədii gimnastika üzrə məşqçi Natalia Brenes ilə müsahibəni təqdim edir:
Salam. Mənim adım Nataliya Brenesdir, mən Kosta-Rika komandasının məşqçisi və hakiməm.
Bu sizin Bakıya ilk səfərinizdir?
N. Brenes: Bəli, ilk dəfədir Bakıya səfər edirəm.
Şəhəri gəzmisinizmi?
N. Brenes: Bəli, bir neçə gün öncə biz Bakı şəhərini gəzməyə çıxdıq. Şəhəriniz çox gözəldir, bizim son dərəcə xoşumuza gəldi. Mən Bakını çox sevdim.
Təlim-məşq toplanışı üçün nədən məhz Azərbaycanı, Milli Gimnastika Arenasını seçməyinizin səbəbini soruşmaq istərdik.
N. Brenes: Buraya gəlmək arzumuz idi. Çünki sizin çox yaxşı bədii gimnastika komandanız var. Bədii gimnastika sizdə güclüdür. Ona görə də Kosta-Rika təmsilçiləri olaraq burada olmaq bizim üçün çox vacibdir. Əlbəttə ki, bu həm də bizim üçün böyük imkandır.
Kosta-Rikalı gimnastlar qarşıda hansı yarışlarda iştirak edəcəklər?
N. Brenes: Biz Amerika qitəsində təşkil ediləcək iki böyük yarışda iştirak edəcəyik. Bunlardan biri bu ilin noyabr ayında Kolumbiyanın Kali şəhərində baş tutacaq Gənclər arasında Pan-Amerika Oyunlarıdır. Burada bizim bir gənc gimnastımız iştirak edəcək. Növbəti il isə böyüklərdən ibarət qrup komandamızın iştirak edəcəyi Mərkəzi Amerika Oyunları keçiriləcək. Bu səbəbdən burada təlim-məşq toplanışı bizim üçün çox vacibdir.
Milli Gimnastika Arenasında yaradılmış şəraitdən razısınızmı?
N. Brenes: Əlbəttə, çox razıyıq. Arena çox böyükdür, hər cür şəraitlə təmin olunub. Buradakı şərait bizim üçün uzaq gələcəkdir.
Təlim-məşq toplanışında neçə gimanst iştirak edir?
N. Brenes: Təlim-məşq toplanışında 3 gimnast iştirak edir: 1 gənc və 2 böyük gimnast. Onlar burada məşq etmək və azərbaycanlı məşqçilərlə çalışmaqdan çox məmnundurlar və həyəcanlıdırlar. Biz özümüzü evimizdəki kimi hiss edirik.