22 fevral 2016
“Ən əsası odur ki, bu gün Milli Gimnastika Arenasında Azərbaycan himni səsləndi”, bunu “Trend” İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının Vitse-prezidenti Altay Həsənov Bakıda keçirilən idman gimnastikası üzrə Dünya “Challenge” Kubokunun nəticələrini şərh edərkən bildirib.
"Bu arenaya himnimiz çox yaraşır", - deyə Federasiyanın Vitse-prezidenti qeyd edib.
“Bizim növbəti gimnastika bayramımız baş tutdu. Ölkəmizin Birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Bütün azarkeşlərə, təşkilat komitəsinə və bu günün belə yaxşı keçməsi üçün yorulmadan çalışan hər kəsə təşəkkür edirəm. KİV əməkdaşlarına da bu tədbiri belə gözəl işıqlandırdığınız üçün minnətdarlığımı bildirirəm”, deyə, A.Həsənov söyləyib.
“Təşkilat komitəsi əlindən gələni etdi və hamı Azərbaycanda ilk dəfə keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ən yüksək səviyyədə keçdiyinin şahidi oldu”.
“Biz də, idmançılar da səylə hazırlaşmışdıq. Bura gələn bütün qonaqlar, idmançılar, məşqçilər və rəsmi şəxslər təşkilati səviyyədən çox razı qaldılar. Qeyd etmək istəyirəm ki, biz də təşkilati işlərin öhdəsindən uğurla gəldiyimiz və bununla yanaşı, nəticələr əldə etdiyimiz üçün çox məmnunuq. Əlbəttə ki, Oleq Stepkodan yaxşı nəticələr gözləyirdik”, - deyə, Altay Həsənov qeyd edib.
“Oleq Stepkonun əsas aləti parallel qollardır və o, bu alətdə qızıl medal qazanmağı bacardı. Marina Nekrasova da yaxşı çıxış nümayiş etdirdi”.
Federasiyasının Vitse-prezidentinin sözlərinə görə, yarışların ilk günü olduqca çətin keçdi.
“Azarkeşlərimiz idmançılarımızı elə fəal dəstəkləyirlər ki, bəzən onlara çıxış etmək çətin olur. Doğma divarlar arasında çıxış etmək, həm asandır, həm də böyük məsuliyyət tələb edir. Ona görə də yarışların birinci günü Oleq Stepkonun işləri çox da yaxşı getmirdi, lakin sonra, o, özünü toplayıb yaxşı çıxış etdi, hətta üç medal qazandı. İnşallah bizim hələ qələbələrimiz çox olacaq”, deyə, Altay Həsənov bildirib.
A.Həsənov nəticələrdən məmnun qaldığını da ifadə edib.
“İndi hazırlıq dövrüdür, bütün işlər və qələbələr hələ qarşıdadır. Ümid edirəm ki, Oleq Stepko daha da çox çalışacaq və Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında uğurla çıxış edəcək, lakin medallar haqda heç nə deyə bilmərəm. Medal qazana bilməyənlər də çox səy göstərdi. Hazırda ilin əvvəlidir və uğurlar hələ qarşıdadır”, deyə, Federasiyanın Vitse-prezidenti bildirib.
O, Təşkilat Komitəsinin işini də vurğulayıb.
“Təşkilat Komitəsinin əməyini çox tərifləmək istəmirəm, lakin onların uğurlu işi göz qabağındadır. Bu bizim üçün idman gimnastikasında ilk belə təcrübədir. Bədii gimnastikada yüksək səviyyəli turnirlərin keçirilməsində təcrübəmiz var. İdman gimnastikasında isə bu, ilk təcrübədir və uğurlu oldu. Beynəlxalq Gimnastika Federasiyası, Texniki Komitənin rəsmi şəxslərinin rəyləri əsasında deyə bilərəm ki, onlar məmnun qalıblar. Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü Morinari Vatanabe Kubokun təşkilini çox yüksək qiymətləndirdi. Bunu dərk edən və hiss edən hamı görür ki, Bakıdakı Dünya “Challenge” Kuboku Dünya Çempionatı səviyyəsində təşkil edilib. Həmçinin yarışların yüksək səviyyədə keçməsindən məmnunam. Nəticələr də bizi qane edir. Bir sözlə, bayram baş tutdu. Bizim gimnastika bayramımızda iştirakınıza görə Sizə təşəkkür edirəm. Hamını təbrik edirəm”, deyə, Altay Həsənov bildirib.
“Trend” İnformasiya Agentliyi, 21 fevral 2016-cı il