24 iyul 2016
"Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun son mərhələsi Rioda keçiriləcək Olimpiya Oyunlarından əvvəl son yarışlardır. Bu mərhələnin üstünlüyü ondadır ki, idmançılar öz güclərini sınayırlar, bu onların axırıncı şanslarıdır", - deyə, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunu şərh edərkən bildirib.
Azərbaycanlı gimnastların çıxışlarına gəlincə, A.Həsənov qeyd edib ki, lentlə hərəkətlər üzrə bürünc medal qazanmış Marina Durunda hamını sevindirdi: “Əlbəttə ki, həmişə daha çox medal, nəticələrdən daha müsbət təəssüratlar qazanmaq istəyirik, lakin bu, həmişə alınmır”.
A.Həsənov Azərbaycan Gimnastika Federasiyasının uğurlu işini xüsusi vurğulayaraq əlavə edib ki, Federasiya artıq uzun illərdir ki, müxtəlif iri tədbirlər keçirir və həmişə də yarışları uğurla təşkil edib: “Düşünürəm ki, daha iri yarışları keçirmək iqtidarındayıq – onların da öhdəsindən gələ bilərik".
Onun sözlərinə görə, Bakı hər zaman yarışlar keçirməyə və qonaqları qəbul etməyə hazırdır: “Bizə insanlar idman xətti ilə, o cümlədən gimnastika yarışlarında iştirak etmək üçün gəlirlər. İnsanlar buradan dost kimi ayrılırlar. Mən buna çox ümid edirəm. Bu, ölkəmizin çox böyük nailiyyətidir. İnsanlar yaxşı təəssüratlarla, bura qayıtmaq ümidi ilə gəlir və gedirlər”.
A.Həsənov qeyd edib ki, Azərbaycan artıq çoxdandır ki, idman ölkələrinin ilk sıralarındadır: “Bunu ölkəmizdə keçirilən idman tədbirləri də göstərir. İnanıram ki, o gün gələcək, biz futbol üzrə Dünya Çempionatını, Olimpiya Oyunlarını keçirəcəyik, çünki Azərbaycan artıq buna hazırdır və layiqdir”.
Federasiyanın vitse-prezidenti vurğulayıb ki, Bakıya, xüsusilə də gimnastika yarışlarına gələn qonaqlar ölkədə, idman, eləcə də gimnastika üçün yaradılmış şəraitə valeh olurlar.
Onun sözlərinə görə, qonaqların yerli və xarici KİV-lərə müsahibələrində verdiyi qiymətlər üst-üstə düşür ki, bu da onların səmimiliyindən xəbər verir: “Qonaqlar yerli agentliyə müsahibə verərkən minnətdarlıqla danışırlar, komplimentlər deyirlər. Əgər onlar bunun eynisini xarici agentliyə deyirlərsə, deməli, onlar səmimidirlər”.
A.Həsənov diqqətə çatdırıb ki, yarışlar həmişəki kimi yerli və xarici informasiya agentlikləri tərəfindən çox yaxşı işıqlandırılır. O buna nümunə kimi Rusiyanın “Vestnik Kavkaza” agentliyini göstərib.
“Trend” İnformasiya Agentliyi, 24 iyul 2016-cı il