İdman

gimnastikadan

başlayır

Altay Həsənov: Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresində qəbul olunan qərarlar dünya gimnastikasının inkişafına daha da təkan verəcək

03 dekabr 2018

Altay Həsənov: Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Konqresində qəbul olunan qərarlar dünya gimnastikasının inkişafına daha da təkan verəcək

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresində qəbul olunan qərarlar dünya gimnastikasının inkişafına daha da təkan verəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov deyib.

A.Həsənov qeyd edib ki, Azərbaycanda gimnastika idman növü son 10 ildə çox sürətlə inkişaf edib: "Azərbaycan Gimnastika Federasiyası mötəbər tədbirlərin təşkili üzrə böyük təcrübə toplayıb. Bu dəfə isə Bakıda idman yarışı deyil, ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının Konqresi kimi mötəbər tədbir keçirilir. Bilirsiniz ki, 2017-ci ilin mayında Beynəlxalq Gimnastika Federasiyasının Şurasının iclası da məhz Bakıda təşkil olunmuşdu. Qonaqların da dediyi kimi, hər şey çox uğurla keçir. Federasiyamız həmişəki kimi hər şeyi yüksək səviyyədə təşkil edib. İnanıram ki, Konqresdə qəbul olunan qərarlar dünya gimnastikasının inkişafına daha da təkan verəcək. Buna görə də biz Bakıda belə tədbirlərin keçirilməsindən çox şadıq".

AGF-nin vitse-prezidenti xatırladıb ki, gələn il Bakıda bədii gimnastika üzrə dünya çempionatı və gimnastikanın digər növləri üzrə dünya kubokları keçiriləcək: "Yəni Azərbaycan Gimnastika Federasiyasının qrafiki sıxdır, lakin biz həmişəki kimi hər şeyin öhdəsindən gələcəyik".

A.Həsənov vurğulayıb ki, Azərbaycan artıq gimnastikada öz sözünü deyib və qələbələrimiz hələ irəlidədir:

"Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığına çox yüksək qiymət verirlər. Ötən il federasiyamız FIG tərəfindən yenə də dünyada ən yaxşı federasiyalardan biri seçildi. Bildiyiniz kimi, 10 il bundan əvvəl bizdə ən güclü inkişaf edən bədii gimnastika idi, bu növə çox önəm verirdik. Sonra Bakıda keçirilən İlk Avropa Oyunları öncəsi qərar qəbul olundu ki, gimnastikanın bütün 6 növünü bərpa edək və inkişaf etdirək. Bu baxımdan bir qədər çətinliklərimiz də var, çünki kadr ehtiyatı azdır, məşqçilər axtarırıq. Bununla belə, inanıram ki, tədricən bütün işlərin öhdəsindən gələcəyik və dediyim kimi, yüksək nəticələrimiz, qələbələrimiz hələ irəlidədir".