13 mart 2017
Milli Gimnastika Arenasında yaradılan şərait çox gözəldir.
Bunu Trend-ə idman gimnastikası üzrə Avstraliyanın kişilərdən ibarət milli komandasının məşqçisi Vladimir Vatkin deyib.
Məşqçi komanda ilə Bakıya ilk dəfə gəldiyini deyib: “Biz hələ hər şeyi tam nəzərdən keçirməmişik. Amma deyə bilərəm ki, zalda yaradılan şərait çox gözəldir. Hələlik təəssüratlar çox olmasa da, müsbətdir”.
Onun sözlərinə görə, avstraliyalı idmançılar qarşısındakı əsas məqsəd finala çıxmaqdır: “Biz buraya ən yaxşı idmançılarımızı gətirmişik. Bizim idmançılar Dünya kuboklarında medallar qazanıblar. Məsələn, Kris Remkes dayaqla tullanmada gümüş mükafat qazanıb. Amma burada rəqabət çox güclüdür və asan qələbə olmayacaq. Ona görə qarşımıza finala çıxmaq məqsədi qoymuşuq”.
Öz növbəsində Avstraliyanın qadınlardan ibarət milli komandasının məşqçisi Mixail Barabaş Bakıya ən yaxşı gimnastların gətirildiyini deyib: “Dayaqla tullanmada Dünya kubokunun lideri Emili Littl gəlib. Ümid edirik ki, o, finala çıxacaq. Onun medallar uğrunda mübarizə aparacağına ümidvarıq. Komandanın digər üzvləri gənc və perspektivlidir. Onların da hədəfi finala çıxmaqdır”.
Məşqçi bildirib ki, idmançıların zal barədə təəssüratları yaxşıdır: “Ümumiyyətlə, Bakıda mühit çox yaxşıdır, sakinlər qonaqpərvərdir. Hər kəs kömək etməyə hazırdır. İqlimə uyğunlaşmaq üçün bir neçə gün də lazım olacaq. İdmançılarımız birinci dəfə deyil ki, Avstraliyadan kənara çıxırlar və bu sahədə təcrübəlidirlər”.
“Trend” İnformasiya Agentliyi, 13 mart 2017-ci il