İdman

gimnastikadan

başlayır

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi olmadan ölkənin gimnastikada əldə etdiyi uğurlar mümkün olmazdı - Mariana Vasileva

19 aprel 2019

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi olmadan ölkənin gimnastikada əldə etdiyi uğurlar mümkün olmazdı - Mariana Vasileva

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi olmadan ölkənin gimnastikada əldə etdiyi uğurlar mümkün olmazdı.

Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Baş məşqçi bildirib ki, Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra ölkədə bu idman növü fəal inkişaf etməyə başlayıb:

“Təkcə Milli Gimnastika Arenası tikilməyib, eyni zamanda klublarda da məşqlər üçün şərait yaradılıb, regionlarda bədii gimnastika üzrə 17 şöbə açılıb”.

M.Vasileva qeyd edib ki, Azərbaycana yarışlara gələn xarici qonaqlar hər zaman Milli Gimnastika Arenasında yaradılan şəraitdən razı qalır:

“Azərbaycan Gimnastika Federasiyası dünyada gimnastikanın inkişafı üçün çox işlər görür. Bu qədər yarışları keçirməyimiz təkcə Azərbaycanda deyil, dünyada da gimnastikanın inkişafına kömək edir. AGF hər zaman qonaqları yaxşı qarşılamağa çalışır, bizdə çox gözəl şərait var. Fəxrlə deyirəm ki, bizdə olan şərait dünyada ən yaxşı şəraitdir. Azərbaycanda gimnastikanın inkişafı və populyarlaşması çox ciddi şəkildə gedir və qonaqlarımız bunu görür”.

Bakıda keçiriləcək bədii gimnastika üzrə 2-ci “AGF Junior Trophy” Beynəlxalq Turnirindən danışan baş məşqçi qeyd edib ki, azərbaycanlı idmançılar yarışa yaxşı hazırlaşıblar:

“Qrup hərəkətlərdə gənclər komandası beş gimnastla təmsil olunacaq – Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə. Onlar bundan əvvəlki iki turnirdə birinci yeri tutublar. Bu turnirdə komanda ciddi rəqiblərlə qarşılaşacaq. Fikrimcə, onlar bizi sevindirəcəklər. Fərdi hesabda Nərminə Səmədova, Nərmin Bayramova və Arzu Cəlilova çıxış edir. Bu qızlar iyulda Moskvada keçiriləcək gənclər arasında dünya çempionatına hazırlaşırlar. Fikrimcə, “AGF Junior Trophy”də komandamız yaxşı çıxış edəcək, amma idman idmandır və burada nəticəni əvvəlcədən bilmək olmaz. Ümid edirəm ki, biz səhvsiz çıxış edəcəyik və finala çıxa biləcəyik, orada isə mükafatlar uğrunda mübarizə aparacağıq”.