05 oktyabr 2009
Şənbə günü Portuqaliyada keçirilən Avropa çempionatında möhtəşəm tərzdə qalib gələn akrobatlar Ayla Əhmədova və Dilarə Sultanova və onların məşqçisi İradə Qurbanova ilə müsahibə.
- Sizi əla çıxışınız və tarixi uğur münasibəti ilə təbrik edirik.
Ayla Əhmədova: - Biz Avropa çempionatına yaxşı hazırlaşmışdıq, bundan əvvəlki Dünya oyunlarında və Dünya kubokundakı çıxışlarımız bizə optimist olmağa əsas verirdi.
Dilarə Sultanova: - Doğrudur, həmin yarışlardan fərqli olaraq, bu dəfə biz 1-ci ola bildik! Bu, çox yaxşıdır! Biz çox məmnunuq!
İradə Qurbanova: - İnanılmaz təəssüratlardır! Bizim şərəfimizə himn çalınanda isə təsviredilməz hisslər keçirirdik. Bu hissləri sözlərlə ifadə etmək çətindir. Azərbaycan akrobatikası bu uğura ilk dəfə nail olur.
- Əvvəlki yarışlarda olduğu kimi, sizin başlıca rəqibləriniz Belarus və Belçika idmançıları idi. Nəyin hesabına onları keçməyə müvəffəq oldunuz?
Ayla Əhmədova: - Biz bu uğura qədər uzun yol qət etmişdik. Bizim səylərimiz puç olmadı. Əgər əvvəllər qələbə üçün nə isə çatışmırdısa, bu dəfə hər şey alındı. Biz çox güclü rəqibləri qabaqlaya bildik. Məsələn, belaruslar 2-qat dünya çempionlarıdır.
Dilarə Sultanova: - Dünya çempionatında biz temp çalışmaları finalında qızıl mükafat əldə etdik, amma “balans”da da qalib gələ bilərdik. Həmin çalışmada bizə yüzdə yeddi xal çatmadı.
- Avropa çempionatında Azərbaycan cütlüyünün uğurları təəccübə səbəb oldumu?
İradə Qurbanova: - Xeyr. Biz artıq iri yarışlarda kifayət qədər çıxış etmişik. Çoxları sevinirdi ki, nəhayət, biz də böyük uğura nail olduq.
Ayla Əhmədova: - Bizi burada çoxları bəyənir. Yaxınlaşırlar, qələbə ilə təbrik edirlər.
Dilarə Sultanova: - Bizə Portuqaliyada azarkeşlik edirdilər. Bizim cütlüyü yaxşı tanıyırlar.
- Bazar günü sizi çoxnövçülükdə yarışlar gözləyir. Bu başdöndürən uğurlardan sonra rahatlaşmayacaqsınız ki?
Ayla Əhmədova: - Əksinə, biz daha da gərgin mübarizə aparacağıq. Bu qələbə bizi ruhlandırdı.
İradə Qurbanova: - Əsas odur ki, bu gərgin yarış qrafikinə tab gətirmək üçün kifayət qədər fiziki qüvvə olsun. Uğurlu çıxışları davam etdirməyə səy göstərəcəyik.
- Bu Avropa çempionatına siz Daşkənddə hazırlaşırdınız. Toplanışlar necə keçmişdir?
İradə Qurbanova: - Adətən, biz Belarus və ya Rusiyaya gedirik, ancaq bu dəfə oradakı zallar məşğul idi. Belə ki, həmin ölkələrin idmançıları tam qüvvə ilə çempionata hazırlaşırdılar. Ona görə də biz qərar verdik ki, Avropadan kənara yollanaq. Daşkəndi seçdik. Bizə orada zal ayırdılar. Bu toplanışlar bizə çox kömək etdi. Deməli, nahaq bu qədər çox işləməmişik.
- Son iri yarışlarda əldə edilən sabit yüksək nəticələr bizim cütlüyü dünya akrobatika liderləri sırasında görməyə icazə verirmi?
Ayla Əhmədova: - Düzünü desək, bəli. Biz sübut etdik ki, elitanın tərkibindəyik.
İradə Qurbanova: - İndi öz mövqelərimizi qoruyub saxlamaq üçün səy göstərmək lazımdır. Düzdür, başda Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva olmaqla, Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə bunu etmək daha da asanlaşacaq. Mən Federasiyamızı və bütün idman ictimaiyyətini bu tarixi nailiyyət münasibətilə təbrik edirəm. Bundan sonra da uğurlu nəticələrimizlə sevindirməyə çalışacağıq.