23 yanvar 2017
"Son on il ərzində Azərbaycan gimnastikası fenomenal inkişaf nümayiş etdirib", Trend-in məlumatına görə, bunu səlahiyyət müddəti bu yaxınlarda başa çatacaq Beynəlxalq Gimnastika Federasiyasının (FIG) vitse-prezidenti Slava Korn deyib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilmiş çoxsaylı yarışlar ölkəni böyük idman dövlətinə çevirib.
“Mən 2007-ci ildə Azərbaycana ilk gəlişimi xatırlayıram. Həmin vaxt Bakıda dünya çempionatı keçirilirdi və bu sizin beynəlxalq arenada ilk addımlarınızdan idi. Ötən on il ərzində Azərbaycan gimnastikası fenomenal inkişaf nümayiş etdirib. Mən Azərbaycan Gimnastika Federasiyasının rolunu və təkcə bədii gimnastika yox, digər gimnastika növlərinin də inkişafına verdiyi böyük töhfəni qeyd etmək istərdim. Bakıda keçirilmiş bütün Dünya Kubokları və əlbəttə ki, Avropa Oyunları Azərbaycanı böyük idman ölkəsinə çevirib”, S.Korn vurğuladı.
O, həmçinin Bakıda keçirilmiş FIG Qitələrarası hakimlik kurslarının təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib. “Mən üç dəfə Qitələrarası hakimlik kurslarında iştirak etmişəm və onu da deyim ki, Bakıdakı kurslar ən yüksək səviyyədə təşkil olunub. Otel şəraiti, hakimlərin aparılıb-gətirilməsi – hər şey yüksək səviyyədə idi və mən görülən işlərə görə təşkilatçılara minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, bədii gimnastika üzrə FIG Qitələrarası hakimlik kursları yanvarın 17-dən 21-dək Bakıda keçirilib. Bu kurslar Olimpiya dövründə bir dəfə keçirilir və hakimlərə ən yüksək – birinci hakimlik kateqoriyasını əldə etməyə imkan verir.
“Trend” İnformasiya Agentliyi, 23 yanvar 2017-cı il