İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastları Dünya kubokunda azarkeşlərdən böyük dəstək gözləyir

10 mart 2017

Azərbaycan gimnastları Dünya kubokunda azarkeşlərdən böyük dəstək gözləyir

Azərbaycanlı idmançı qızlar idman gimnastikası üzrə Dünya kuboku zamanı azarkeşlərdən böyük dəstək gözləyir.

Bunu Trend-ə azərbaycanlı gimnast Yuliya İnşina deyib.

İdmançının sözlərinə görə, onların qarşısında dayanan əsas məqsəd finala çıxmaqdır: “Əgər buna nail olsaq, əlbəttə ki, medallar uğrunda mübarizə aparacağıq. Amma rəqabəti də unutmaq lazım deyil. Bu dəfəki Dünya kuboku ötən ilkindən fərqli olaraq daha güclüdür. Çoxlu adlı-sanlı idmançılar olacaq. İlk dəfə Çin iştirak edir, Yunanıstandan nümayəndələr olacaq. Ötən il asan idi, bu il çətin olacaq”.

Milli komandanın yeni üzvü Yekaterina Tişkovanın fikrincə, komanda yarışlara yaxşı hazırlaşacaq: “Biz yarışlarda Azərbaycanı layiqincə təmsil edəcəyimizə ümidvarıq. İlk növbədə finallara düşmək lazımdır. Mən özüm müxtəlif hündürlüklü qollarda çıxş edəcəyəm”.

Y.Tişkova qeyd edib ki, bu onun milli komanda ilə ilk çıxışıdır: “Finala çıxışı yaxşı nəticə kimi qəbul edəcəyəm, orada artıq mükafatlar uğrunda mübarizə aparmağa çalışacağıq. Əlbəttə, biz öz rəqiblərimizi tanıyırıq. Rumıniyanın, Çinin, Türkiyənin güclü nümayəndələri var”.

Gimnast qeyd edib ki, onlar Milli İdman Gimnastika arenasında məşq ediblər: “Biz bütün alətləri sınaqdan keçirmişik. Zal yarışlara tam hazırdır. Azarkeşlərin böyük dəstəyinə ehtiyac olacaq, ona görə hər kəsi yarışlara gəlməyə çağırıram”.

Gimnast Mariya Smirnova qeyd edib ki, bu, komandanın bu il ilk yarışıdır: “Biz çalışacağıq ki, nəyə qadir olduğumuzu göstərək. Nə isə proqnozlaşdırmaq çətindir, çünki yarışda hər şey ola bilər”.

M.Smirnova Dünya kubokunda ölkəni dayaqla tullanmada təmsil edəcəyini deyib: “Hər ölkə bir növdə iki idmançı ilə təmsil oluna bilər, biz isə dörd nəfərik. Ona görə bizi növlərə bölüşdürmək qərara alınıb. Mən və K.Tişkova bir alətlə, digərləri 3 alətlə çıxış edəcək”.

“Trend” İnformasiya Agentliyi, 10 mart 2017-ci il