İdman

gimnastikadan

başlayır

Azərbaycanın Dünya Çempionatında çıxış edəcək təmsilçiləri ilə tanışlıq: Qrup hərəkətləri komandası

12 sentyabr 2019

Azərbaycanın Dünya Çempionatında çıxış edəcək təmsilçiləri ilə tanışlıq: Qrup hərəkətləri komandası

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatında Azərbaycanı qrup hərəkətlərdə Aliyə Paşayeva, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətova və Diana Əhmədbəylidən ibarət komanda təmsil edəcək.

Çempionat ərəfəsində Trend-ə müsahibələrində gimnastlar yarışa hazırlıqdan, məşq prosesindən və bu idmana gəlmələrindən danışıb.

- Bu idman növünə necə gəldiniz və niyə məhz bu idman növünü seçdiniz?

Aliyə Paşayeva: Bədii gimnastika ilə 2005-ci ildən məşğul oluram. Məni bu idmana valideynlərim gətirib. Amma demək olar ki, bu idmanı özüm seçmişəm, ilk dəfə televizorda görəndə çox xoşuma gəldi, ona görə də məşğul olmaq istədim.

Diana Əhmədbəyli: Məni də gimnastikaya ümumi fiziki hazırlıq üçün valideynlərim gətirib. Mənim o zaman beş yaşım var idi. Əvvəlcə bu, mənim xoşuma gəlməmişdi, bir müddət məşğul olub dayandım. Amma sonra başa düşdüm ki, yenə məşğul olmaq istəyirəm, ona görə də qayıtdım.

Darya Sorokina: Bədii gimnastikaya məni anam gətirib. Uşaqlıqda mən kök idim, məşqçilər məni götürmək istəmirdi. Yalnız arıqlayandan sonra məşqçilər məndən gimnast olacağını dedi. Beləliklə, mən bədii gimnastika ilə məşğul olmağa davam etdim.

Ayşən Bayramova: Məni idmana yeddi yaşımda gətiriblər. Anam idmanı çox sevir, o özü də gimnast olmaq istəyirmiş, amma valideynləri qoymayıb. Mən bacımla məşğul olmağa başladım, amma sonra o, idmanı atdı, mən isə davam edirəm.

Zeynəb Hümmətova: Hamı kimi məni də gimnastikaya valideynlərim gətirib. O zaman mənim altı yaşım var idi. Uşaq yaşlarımdan çox çevik olmuşam, məşqçilər mənim gimnast olacağımı dedilər. Mənim özümün də məşğul olmaqdan xoşum gəlirdi, ona görə də qalmağı qərara aldım.

- Yəqin ki, sizin hər birinizin müşahidə etdiyiniz və bənzəmək istədiyiniz kumiriniz olub?

Aliyə Paşayeva: Deyə bilmərəm ki, mənim kumirim var, bəzi gimnastlarda müəyyən xüsusiyyətlər xoşuma gəlir. Kimdəsə qətiyyət görürəm, kimsə gözəl görünür. Məsələn, mənim Anna Rizatdinova, Darya Kondakova və artistizmə görə Alina Kabayeva çox xoşuma gəlirdi.

Zeynəb Hümmətova: Mən Anna Rizatdinova, Anna Bessonova və Alina Kabayevanı izləməkdən zövq alırdım.

Diana Əhmədbəyli: 2012-ci il Olimpiya oyunlarına hazırlıq dövründəki gimnastikanı izləməyi sevirdim. O zaman mənim Darya Kondakova, Darya Dmitriyeva və Yevgeniya Kanayeva çox xoşuma gəlirdi. Onlar mənim üçün idealdır. Mən həm də Anna Bessonova və Anna Rizatdinovanı xoşlayıram.

Ayşən Bayramova: Uşaqlıqda mənim Alina Kabayevadan, daha sonra Anna Rizatdinova, Darya Dmitriyeva, Yevgeniya Kanayeva və Yana Kudravtsyeva xoşuma gəlib.

Darya Sorokina: Əvvəllər mənim israilli gimnast Neta Rivkindən xoşum gəlirdi. Onun çıxışlarını maraqla izləyirdim. İndi Yekaterina Seleznyovanı bəyənirəm.

- Sizin üçün ən əsası dünya çempionatıdır, hazırlıq necə gedir?

Aliyə Paşayeva: Hamının yerinə deyə bilərəm ki, hazırlıqlar intensiv davam edir, tez-tez yoxlama məşqləri olur, çünki bu, 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Bizim üçün bu, çox vacibdir. Yarışlara çox az vaxt qalıb.