15 mart 2017
Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya kubokunun açılış mərasimi Azərbaycanın ən gözəl və sevimli bayramı – Novruz bayramına həsr olunacaq.
Bunu Trend-ə mərasimin quruluşçusu, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.
O qeyd edib ki, yarış Novruz bayramı ərəfəsində keçirildiyi üçün bu cür qərar qəbul edilib: “Artıq bir çoxlarının müşahidə etdiyi kimi arenanın girişində böyük səməni qoyulub. Tribunada da süni tonqal quraşdırılacaq. Müxtəlif gimnastika növlərini təmsil edən idmançılarımız onun üzərindən tullanacaq. Açılışda qonaqlar Novruzun ənənəvi personajları – Bahar qızı, Kosa və Keçəli görəcəklər. Eyni zamanda, ekranda Azərbaycanın mənzərələri, milli dekorasiya elementləri, əl işi əsərləri və xalçalar nümayiş etdiriləcək. Bu yolla bizim xarici qonaqlarmız Azərbaycanın milli ənənələri ilə yaxından tanış olacaq. Mən istərdim ki, onlar gələn il də Bakıya növbəti Dünya kuboku yarışlarına gəlsinlər”.
M.Vasilevanın sözlərinə görə, kompozisiyada bədii gimnastika, idman gimnastikası, tamblinq, akrobatika və aerobikanı təmsil edən müxtəlif yaş qruplarından idmançılar iştirak edəcəklər: “Biz son iki ildə olduğu kimi, ənənəyə sadiq qalacağıq və açılış mərasimində qonaqlara bütün gimnastika növlərini təqdim edəcəyik. Bu, ölkədə təkcə bədii gimnastikanın yox, bütün gimnastika növlərinin populyarlaşmasına imkan verəcək. Biz göstərmək istəyirik ki, gimnastika – bütün növlərin toplusudur. Əgər bir növdə uğur qazana bilmədinsə, bacarıqlar sayəsində başqa növə keçə bilərsən. Bundan başqa, batut gimnastikası və tamblinq üzrə Dünya kuboku mərhələsində olduğu kimi bu dəfə də biz yalnız Azərbaycan musiqisindən istifadə olunmasını qərara almışıq”.
Baş məşqçi qeyd edib ki, bu dəfə də açılış mərasimi yeniliklərsiz ötüşməyəcək. Baş məşqçi bu barədə ətraflı məlumat verməyərək, hər kəsi Milli Gimnastika Arenasına dəvət edib: “Yalnız onu deyə bilərəm ki, yenilik iştirakçı ölkələrin təqdim olunmasına aiddir. Başqa heç nə deməyəcəyəm, bunun əvəzində tamaşaçıları Milli Gimnastika Arenasına gəlməyə və gözəl şoudan həzz almağa çağırıram”.
“Trend” İnformasiya Agentliyi, 15 mart 2017-ci il