İdman

gimnastikadan

başlayır

Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatı yüksək səviyyədə keçdi və uğurla başa çatdı

16 iyun 2014

Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatı yüksək səviyyədə keçdi və uğurla başa çatdı

"Yarışma çox yüksək səviyyədə keçdi və uğurla başa çatdı. Hesab edirəm ki, dünya gimnastika tarixinə yeni bir səhifə yazıldı". Bu barədə Trend-ə Avropa Gimnastika İttifaqının Fransadan olan nümayəndəsi Oriane Rosario Bakıda keçirilən bədii gimnastika üzrə 30-cu Avropa çempionatının təşkilinə münasibət bildirərkən deyib.


O.Rosario çempionatın təşkilatçılığının tam qaydasında olduğunu və uğurla həyata keçirildiyini deyib: "Azərbaycanı təbrik edirəm ki, dünya gimnastika tarixinə yeni bir səhifə yazdı, ona göstərilən etimadı yenə də layiqincə doğrultdu. Çempionatın keçirildiyi arenaya isə söz ola bilməz. Bu arena müasir standartlara tam cavab verir və idmançılar üçün bütün şərait ən yüksək səviyyədə yaradılıb".


O, növbəti ildə Bakıda keçiriləcək Avropa Oyunlarına da Azərbaycanın layiqincə ev sahibliyi edəcəyini söyləyib: "Biz böyük məmnuniyyətlə növbəti il yenidən Azərbaycana qayıdacağıq. İnanıram ki, Azərbaycan Avropa Oyunlarını da yüksək səviyyədə təşkil edəcək".

Azərbaycan gimnastlarının çıxışlarını yüksək qiymətləndirən O.Rosario bildirib ki, Azərbaycan idmançıları getdikcə nəticələrini yaxşılaşdırırlar: "Hesab edirəm ki, Azərbaycan gimnastları sürətlə inkişaf edirlər, çünki bunun üçün hər cür şərait yaradılıb".