25 aprel 2017
Bakıya təlim-məşq toplanışlarına və yarışlara gəlmək hər zaman çox xoşdur, bunu Trend-ə müsahibəsində bədii gimnastika üzrə Finlandiya komandasının məşqçisi Larisa Qryadunova deyib.
Onun sözlərinə görə, Bakıda keçiriləcək Dünya Kubokundan gözləntiləri çox yaxşıdır.
"İlk növbədə, istəyərdik təcrübə əldə edək, çünki bu dəfə yarışlara çox gənc gimnastımız da qatılıb. O, bir müddət əvvəl ciddi zədədən sağalıb və iki ilə yaxın yarışlarda iştirak etməyib. İndi yavaş-yavaş təcrübə toplayırıq və ümid edirəm ki, bizdə hər şey alınacaq. İstərdim ki, ən azı bir finala çıxaq”, - Qryadunova deyib.
O qeyd edib ki, komandanın heyətinə təlim-məşqlərini Bakıda keçmiş Yukki Tikkanen də daxil edilib.
“O, artıq uzun müddətdir ki, çıxış edir və təcrübəli, yaxşı gimnastdır. Ötən il Dünya Kubokunda çıxış etmiş Yekaterina Volkova isə təəssüf ki, şəxsi səbəblər üzündən karyerasını başa vurub”, - Qryadunova deyib.
Məşqçi, Bakıda məşqlərin keçirilməsi və gimnastikanın inkişafı üçün yaradılmış mükəmməl şəraiti də qeyd edib.
"İlk növbədə, burada çox yaxşı zal, ətrafında səmimi ab-havanın hökm sürdüyü çoxlu gimnastika xalçaları var, buna görə də bura gəlmək çox xoşdur", - deyə Qryadunova deyib.
“Trend” İnformasiya Agentliyi, 25 aprel 2017-ci il