15 mart 2017
Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya kubokunda rəqabət çox yüksək olacaq.
Bunu Trend-ə Türkiyə nümayəndə heyətinin rəhbəri İsmayıl Göktekin deyib.
O, yarışlarda Yaponiya, Çin, İsrail və Ukraynadan güclü idmançıların iştirak edəcəyini deyib: “Fikrimcə, rəqabət həm kişilər, həm də qadınlar arasında çox yüksək olacaq. Demək olar ki, burada kiçik dünya çempionatı keçiriləcək”.
İ.Göktekin qeyd edib ki, öz idmançılarının yaxşı nəticələrinə ümid edir: “Biz Bakıya 6 kişi və 4 qadın olmaqla 10 gimnast gətirmişik. Sabah və birigün onlar təsnifat yarışlarında çıxış edəcək. Ümid edirəm ki, yaxşı nəticə göstərəcəklər. Finala çıxmaq asan olmayacaq, amma biz bu tapşırığın öhdəsindən gələcəyik”.
O, Azərbaycana yüksək səviyyəli təşkilatçılıq və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. “Hotellərdən tutmuş idman zalındakı şəraitə kimi qardaş Azərbaycanda təşkilatçılıq çox yüksək səviyyədədir. Fikrimcə, idmançılar gözəl mühitdə mübarizə aparacaqlar. Mən əvvəlcədən Azərbaycanı Dünya kubokunun yüksək səviyyədə təşkilinə görə təbrik etmək istəyirəm”.
Tərkibində 21 nəfər olan Türkiyə nümayəndə heyəti Dünya kubokunda iştirak edən ən çoxsaylı nümayəndə heyətidir.
“Trend” İnformasiya Agentliyi, 15 mart 2017-ci il