10 mart 2017
Yüksək rəqabətə baxmayaraq azərbaycanlı idmançı qızlar Bakıdakı idman gimnastikası üzrə Dünya kubokunda layiqincə iştirak etməyə çalışacaq.
Bunu Trend-ə qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nina Pravdina deyib.
Onun sözlərinə görə, gimnastlar hazırlıqları davam etdirirlər: “Hazırlığımız yaxşı səviyyədədir. İşlərimizi davam etdiririk. Əlbəttə, işimiz çətindir, çünki üzərimizdə böyük məsuliyyət var. Doğma divarlar kömək etsə də, məsuliyyət iki dəfə artıqdır”.
Hər hansı proqnoz verməyən baş məşqçi rəqabətin yüksək səviyyəsini qeyd edib: “Mən heç vaxt gözləntilər barədə danışmıram. Yaxşı nəticə əldə etmək üçün işləmək lazımdır. Biz layiqli şəkildə çıxış etməyə çalışacağıq. Bu il rəqabət çox yüksəkdir. Çoxlu sayda adlı-sanlı idmançı gələcək. Əsas rəqiblər arasında Rumıniyanı qeyd edə bilərəm. Yunanıstandan güclü idmançılar olacaq. Əlbəttə ki, Özbəkistandan Oksana Çusovitinanı da qeyd etmək lazımdır. O, böyük təcrübəyə malikdir və medallar uğrunda mübarizədə heç kimə güzəştə getməyəcək”.
Milli komandanın lideri Marina Nekrasova qeyd edib ki, qızların hədəfləri müxtəlifdir, çünki hər biri müxtəlif alətlərlə iştirak edəcək: "Bu mərhələdə çoxnövçülük olmayacaq. Yekaterina Tişkova və Mariya Smirnova bir alətlə, mən və Yuliya İnşina 3 alətlə çıxış edəcəyik. Bizim məqsədimiz finallara çıxmaq və orada mükafatlar uğrunda mübarizə aparmaqdır. Güclü rəqiblərimiz çoxdur, Olimpiya və Avropa çempionları olacaq. Ümid edirik ki, hazırladığımız nömrələri meydançada göstərə biləcəyik”.
Gimnast həmçinin, tamaşaçıları Dünya kubokunda idmançılarımızı dəstəkləməyə çağırıb: “Onlara demək istəyirəm ki, bizə azarkeşlik edin və dəstəkləyin. Sizin ümidlərinizi doğrultmağa çalışacağıq”.
“Trend” İnformasiya Agentliyi, 10 mart 2017-ci il