16 mart 2019
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edən Belarus idmançısı Andrey Lixovitski kvalifikasiya yarışlarında çıxışından razı qalıb.
“Əlbəttə, Kubok finalına üç alət üzrə yüksəlmək istəyirdim, ancaq iki alət üzrə keçdim”, - deyə idmançı Trend-ə bildirib.
Xatırladaq ki, Lixovitski turnik və paralel tirlərdə hərəkətlər üzrə Kubok finalına yüksəlib.
Belarus gimnastı qeyd edib ki, Bakıda yarışların təşkili hər zaman yüksək səviyyədədir: “Artıq ikinci dəfədir ki, Dünya Kuboku mərhələsində buradayam, həmçinin 2015-ci ildə Avropa Oyunlarına da gəlmişdim. Bakıda keçirilən yarışlar digərlərindən təşkilatçılıq səviyyəsi, qonaqpərvərliyi ilə fərqlənir. Gimnastika arenası rahatdır və kütlə də yaxşı azarkeşlik edir, bu da sevindiricidir”.
Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.