İdman

gimnastikadan

başlayır

Bente Byanes: Bakıdakı Gimnastika Arenasının dünyada analoqu yoxdur

15 avqust 2014

Bente Byanes: Bakıdakı Gimnastika Arenasının dünyada analoqu yoxdur
Ötən həftə Norveçin bədii gimnastika üzrə yığma komandası İzmirdə keçiriləcək Dünya Çempionatı çərçivəsində Bakıda keçirilən təlim-məşq toplanışlarında iştirak ediblər. Milli Gimnastika Arenasının gözəl zalı skandinavlıların məşqlərinə müvafiq abu-hava verib və burada məşq etməkdən onlar xüsusi zövq alıblar. Norveç Federasiyasının Texniki Komitəsinin rəhbəri Bente Byanes gördükləri haqda təəssüratlarını azerisport.com saytına bölüşüb.

Bildiyimiz kimi, Avropa Çempionatından sonra bu Bakıya ilk səfərinizdir. Amma daha öncə də səfərləriniz olub. Elə deyilmi?
Həqiqətən bu belədir. Avro-2014 ilə yanaşı, mən Bakıda keçirilən bütün irimiqyaslı yarışlarda iştirak etmişəm. Biz milli yığmaya İzmirdəki Dünya Çempionatında iştirak etməyə hazırlaşan iki gimnastla qatılmışıq. Onlar, məşqçisi olduğum “Asker” klubunu təmsil edirlər.

Bu o deməkdir ki, siz həm yığma komandanın, həm də klubun məşqçisisiz?
Bizdə müəyyən qədər fərqli sistemdir. Norveçdə bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi vəzifəsi yoxdur. İdmançılar klublara paylanılıb, “Asker” isə bu istiqamətdə ən öndə gedəndir. Belə ki, mənim yetirmələrim davamlı olaraq yığma komandaya daxil olur və mən onlara elə bu səviyyədə nəzarət edirəm.

Bəs bütünlükdə Norveçdə gimnastika necə inkişaf edir?
Bizdə bu idman növü professional şəkildə inkişaf etməyib, çünki gimnastlarımız məktəblərə getdiyindən, zala ancaq axşam gəlirlər. Onlar gün ərzində 3-4 saat məşq edirlər. Bununla yanaşı, Azərbaycanın gimnastları kimi xalçada bu və ya digər elementləri yerinə yetirmək üçün bu cür gözəl şəraitləri yoxdur. Buna görə də, tam təlim nöqteyi-nəzərindən və lazım olan dözümlülüyün əldə olunması üçün Bakıya səfərimiz vacib idi. Tək məşq etmək deyil, bu gimnastika zalında olmaq belə çox zövq verir.

Arena sizi nə dərəcədə heyrətləndirib?
Mən əminəm ki, dünyanın ən yaxşı gimnastika mərkəzi Bakıdadır. Mən dünyanın bir çox yerində müxtəlif yarışlarda olmuşam, lakin heç bir yerdə Azərbaycanda olduğu kimi şərait görməmişəm. Artıq sözə ehtiyac yoxdur – bir sözlə arena möhtəşəmdir.

Bakını gəzmək üçün imkanınız oldumu?
Bəli, biz vaxt tapıb gəzintiyə çıxdıq və şəhər məni çox heyran etdi. Dediyim kimi, mənim Azərbaycanın paytaxtına 4-cü səfərimdi və hər dəfə bura məni heyrətləndirir. Möhtəşəm memarlıq, müasir binalar, gözəl Milli Park – hər şey çox ahəng yaradır.

Siz təlim-məşq toplanışlarının nəticəsindən razı qaldınızmı?
Əlbətdə ki, həftə ərzində çox işlər görülüb. Azərbaycan məqşçilərinin köməyi nəticəsində biz xoreoqrafiya bacarıqlarını inkişaf etdirdik və bunun üçün Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilevaya öz minnətdarlığımı bildirirəm. Zamanında o, Norveçə master-klass məşqləri keçməyə gəlmişdi və onun komandası ilə birgə yeni zirvələri fəth etməsinə çox sevinirəm. O, bütün qəlbi ilə bədii gimnastikaya bağlı olan insandır, onun üçün çox şadam.