02 mart 2016
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Olimpiya Oyunlarının bürünc medalçısı, Özbəkistan idmançısı Yekaterina Xilko ilə müsahibə aparıb.
Bu Sizin Bakıya ilk səfərinizdir? Əgər belədirsə, təəssüratlarınızı bilmək maraqlı olardı.
“Bəli, bu mənim Bakıya ilk səfərimdir. Doğrudur, mənim hələ şəhərdə gəzmək imkanım olmayıb, lakin hava limanından sizin gözəl idman mərkəzinə gələrkən hələ yollar çox xoşuma gəldi. Qış fəsli olmasına baxmayaraq, yaşıllıq çoxdur, hər yer təmiz və baxımlıdır”.
Milli Gimnastika Arenası haqqında nə deyə bilərsiniz?
“Fikrimcə, bu arenadan daha yaxşısı gimnastların arzularında belə ola bilməz. Burada səmərəli məşqlər keçirmək və yaxşı nəticələr əldə etmək üçün hər cür şərait yaradılıb. Yəqin ki, hər bir idmançı belə idman bazasına həsəd apara bilər”.
Batut gimanstikası ilə nə vaxtdan məşğulsunuz?
“Bilavasitə bu gimnastika növü ilə mən səkkiz yaşından məşğulam. Valideynlərim idman gimnastikası üzrə idman ustalarıdırlar. Ona görə də, mən, demək olar ki, 2-3 yaşımdan idman zalındayam (gülümsəyir)”.
Xahiş edirik, bizə əldə etdiyiniz nailiyyətlərdən danışın.
“Təbii ki, mənim ən böyük nailiyyətim Pekində keçirilən Olimpiya Oyunlarında bürünc medal qazanmağımdır”.
Yekaterina, Siz Olimpiya Oyunlarının bürünc medalına layiq görüləndə hansı hissləri keçirdiniz?
“Deyə bilərəm ki, bu mənim üçün gözlənilməz oldu, digər tərəfdən isə bunu həm də gözləmək olardı. Lakin, düşünürəm ki, istənilən dəyərə malik Olimpiya medalı, əlbəttə ki, hər bir idmançı üçün böyük mükafatdır. Odur ki, təəssüratlar təsviredilməzdir. İlk dəqiqələrdə sən nə baş verdiyini anlaya bilmirsən”.
Bu Dünya Kuboku mərhələsindən nə gözləyirsiniz?
“Hesab edirəm ki, istənilən idman növündə, eləcə də batut gimnastikasında əvvəlcədən proqnoz vermək düzgün deyil. Əsas odur ki, öz gücünü göstərəsən və yaxşı nəticələr əldə edəsən. Sonrası isə bu artıq hakimlərin işidir”.
Bəs siz bizim gimnastlarla tanışsınızmı? Onlar haqqında nə deyə bilərsiniz?
“Əlbəttə. Misal üçün, Svetlana Makştarovanı mən artıq çoxdan tanıyıram. Düşünürəm ki, o çox yaxşı idmançıdır və böyük gələcəyi var. Ümumiyyətlə batut gimnastikası üzrə Azərbaycan yığma komandasının bütün üzvlərinin hamısı gənc, istedadlı və perspektivli gənclərdir. Onların hər birinə uğurlar və yüksəliş arzu edirəm”!
Məlum olduğu kimi, Özbəkistanın batut gimnastikası üzrə iki qadın gimnastı Olimpiya Oyunları öncəsi Rioda keçiriləcək Test Turnirində iştirak etmək hüququ əldə edib...
“Bəli, doğrudur. Batut gimnastikası üzrə keçən ilin noyabrında Danimarkada keçirilən Dünya Çempionatında 10-cu yer tutduğum üçün Olimpiadada birbaşa iştirak etmək hüququnu əldə edə bilmədim. Lakin, mən Test Turnirində çıxış etmək hüququnu qazandım və burada mənim Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün hələ də şansım var. Məndən başqa, Özbəkistandan daha bir idmançı apreldə keçiriləcək Test Turnirində iştirak etmək hüququ əldə edib”.
Son olaraq gələcək planlarınız haqda eşitmək istərdik.
“Planlardan danışarkən, ümid edirəm ki, Rioda keçirilən Olimpiadada iştirak edə biləcəyəm. Olimpiya Oyunlarında çıxış etdikdən sonra isə idman karyeramı bitirməyi planlaşdırıram. Bundan sonra isə vaxtımı ailəmə sərf etməyi düşünürəm”.