13 aprel 2023
Aprelin 10-12-də Milli Gimnastika Arenasında Beynəlxalq Gimnastika Federasiyasının aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Desislava Boquşevanın rəhbərliyi altında Azərbaycan Gimnastika Federasiyasının tədris proqramına əsasən aerobika gimnastikası üzrə 2-ci səviyyə üçün (8-10 yaşlı gimanstlarla çalışan məşqçilər üçün) məşqçilik kursları keçirilib.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bolqarıstanlı mütəxəssisdən müsahibə alıb. Müsahibəni oxucularmıza təqdim edirik.
- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edin.
- Mən Desislava Boquşevayam. Əslən Bolqarıstanlıyam. 20 ildir ki, Tayland milli komandasında məşqçi kimi çalışıram. Hazırda Beynəlxalq Gimnastika Federasiyasının aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvüyəm.
- Burada rəhbərliyiniz altında aerobika gimnastikası üzrə keçirilən məşqçilik kursları barədə məlumat verərdiniz.
- İlk növbədə Azərbaycan Gimnastika Federasiyasına (AGF) uğurlu idman fəaliyyətinə və inkişafına görə təşəkkürümü bildirmək istəyirəm. Bu kurslar gənc nəslin inkişafı istiqamətinə yönəlib. 8-10 yaşlı gimnastlarla çalışan məşqçilər üçün nəzərdə tutulan budəfəki kurslar 2-ci səviyyəyə aid idi. Ümumilikdə isə kurslar 5 fərqli səviyyəyə malikdir. Ümid edirəm ki, gələcəkdə 3-cü, 4-cü və 5-ci səviyyələr üzrə də kurslar təşkil olunacaq. Kursların təşkilində məqsəd gənc nəslin inkişafına nail olmaq və onlara uğura gedən yolun düzgün istiqamətini göstərməkdir.
- Aerobika gimnastikasının dünyada inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Aerobika gimnastikası Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ən gənc idman növlərindən biridir. Amma bizim Olimpiya Oyunlarının proqramına düşmək kimi bir arzumuz var və ümid edirik ki, nə vaxtsa bu növ Olimpiya Oyunlarının bir hissəsi olacaq. Buna nail olmaq üçün bizə daha çox ölkə lazımdır. Buna görə də biz bu növü inkişaf etdirmək üçün çox çalışırıq. İnanırıq ki, bu, yaxın zamanda baş verəcək.
- Azərbaycanda bu növün inkişafını necə dəyərləndirirsiniz?
- Düzünü desəm, AGF təkcə aerobika gimnastikası ilə bağlı deyil, bütün gimnastika növləri ilə bağlı uğurlu işlər həyata keçirir. Azərbaycanda aerobika gimnastikasının cəmi 7-8 yaşı olsa belə, indiyədək təmsilçiləriniz dünya və Avropa çempionatlarında qızıl medallar qazanıb, Dünya Oyunlarında uğur əldə ediblər. Bu isə o deməkdir ki, qısa müddət ərzində əldə olunan nailiyyətlər həqiqətən heyrətamizdir. Məşqçilər üçün təşkil olunan kurslar ölkənizdə gənc aerobika nəslinin parlaq gələcəyindən xəbər verir.
- Azərbaycan gimnastlarına nəyi tövsiyə edirsiniz?
- Azərbaycan idmançılarına gəlincə, bildirim ki, onlar çox şanslıdırlar ki, bu cür yüksək şəraitə malik yerdə idmanla məşğul olurlar. Burada hər cür imkan, peşəkar məşqçilər və idmançılar var. Onlara tövsiyəm odur ki, məşqçilərin dediklərinə əməl etsinlər, sözlərinə qulaq assınlar. Federasiyanın idmançılara göstərdiyi yol onları uğura aparan yoldur.