01 iyun 2015
Bakıda keçiriləcək Avropa Oyunlarına iki həftədən az vaxt qalıb. Bu mötəbər idman yarışında təmsil olunacaq 20 idman növündən biri də gimnastikadır.
Oyunlarda gimnastikanın digər növləri ilə yanaşı kişi idman gimnastikası üzrə də yarışlar təşkil olunacaq. Azərbaycanda idman gimnastikası öz inkişafına ötən əsrin 30-cu illərindən başlayıb, 1939-cu ildə isə artıq Bakıda ilk respublika çempionatı keçirilib.
Azərbaycanı Avropa Oyunlarında kişi idman gimnastikası üzrə 3 idmançı təmsil edəcək və onlardan biri Eldar Səfərovdur.
Ənənəyə sadiq qalaraq, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti, idmançımızdan müsahibə alaraq, idmana gəlişi və Avropa Oyunlarından gözləntilərinin nədən ibarət olduğu haqda öyrəndi.
Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
Mən idmanla 6 yaşımda məşğul olmağa başladım və bu mənim ən sevimli məşğuliyyətimə çevrildi. Uşaq yaşlarımda nadinc idim, düşünürəm ki, gimnastikaya olan marağımın əsas səbəbi də budur.
Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
Bəlkə də məndə alınardı. Mən müxtəlifyönlü insanam, idmanın müxtəlif növlərini sevirəm, misal üçün güləş və boks çox xoşuma gəlir.
Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
Mən özümü idarə etməyə və sakitçiliyimi qorumağa çalışıram. Düşünürəm ən böyük sirr budur – yaxşı hazırlıq.
Fikrincə hər hansı idman növündə vacib olan nədir?
Mənim üçün ən vacib üç amil var: istək, səbr və özünə güvən.
Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
Hər bir idman növündə risk faktorları var və bunun səviyyəsi idman növündən asılıdır. Zədə almamaqdan ötrü, bütün fikrini məşqlərə yönəltmək lazımdır.
İdmanda kumirin varmı?
Əlbəttə var, bu 5 qat dünya çempionu Koxei Uşimuradır. O, əfsanəvi insandır.
Yaxın gələcək üçün idman planlarından danış bir az.
Artıq Avropa Oyunlarının başlamağına az qalıb. Bu mənim üçün əhəmiyyətli hadisədir. Əlbəttə, layiqincə çıxış etmək və komandanı məyus etməmək istəyirəm.
Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
Avropa Oyunları ciddi və məsuliyyətli yarışdır. Həm də, nəzərə alsaq ki, bu yarışlar məhz bizim vətənimizdə keçirilir. Mən ümid edirəm ki, uğurlu çıxış edəcəm və yaxşı nəticə göstərəcəm.
İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
Əlbəttə, hər gənc insanda olduğu kimi...Həyata keçirtmək istədiyim planlarım, arzularım var. Amma bugün üçün ən başlıca planlarım idmanla bağlıdır.
İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
Bu heç də asan deyil. Hər gün məşqlərim var. Demək olar ki, digər işlərə vaxt qalmır. Lakin, hərdən vaxt edib dostlarımla görüşürəm.
Öz ailən haqda danış bir az.
Valideynlərim məni bütün yarışlarda dəstəkləyir və bunun üçün mən onlara minnətdaram. Mənim həm də balaca bacım var, o da gimnastikanı çox sevir.
Sevdiyin şəxs varmı?
Qeyd etdiyim kimi, şəxsi həyata vaxt qalmır.
Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
“Eldar, irəli!”,”Biz sənə inanırıq!”.
Onlara nə demək istərdin?
Dəstəklədiklərinə görə çox sagolsunlar , bu mənim üçün çox vacibdir.