Yelena Kunts: Biz Bakı təcrübəsindən yararlanmalıyıq
19 avqust 2014
Qazaxıstan gimnastları yığma komandamızın təlim-məşq toplanışlarına qatılaraq, tez-tez Bakıda qonaq olurlar. Bir müddət öncə Milli Gimnastika Arenasında bu ölkənin ilk yığması məşq edirdi, indi isə paytaxtımızda Astananın “Juldız” Bədii Gimnastika Mərkəzinin gimnastları öz təcrübələrini artırırlar. Oranın direktoru Yelena Kunts azerisport.com saytına müsahibəsində burada gördükləri haqda təəssüratları və öz Mərkəzinin gələcək planlarından danışıb.
Təlim-məşq toplanışları nə qədər məhsuldar keçir? Milli Gimnastika Arenası haqda, Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilevanın işi haqda çox sayda coşqulu sözlər eşitmişəm, buna görə də hər şeyi öz gözlərimlə görmək istədim. Biz Bakıya kiçiklərdən ibarət yığmanı gətirmişik, onlar indi Astanada keçiriləcək 3-cü “Juldız” Kubokuna hazırlaşırlar.
Bakıya ilk səfəriniz haqda ümumi təəssüratlarınız necədir? Hər şey mükəmməldir. Ətrafda dostcanlı insanlar, səmimi gimnastlar var. Və əlbətdə ki, ciddi intizam. Məhz bu təcrübəni biz əldə etməliyik. Komanda özü çox dostcanlıdır, gimnastlar və məşqçi heyəti ünsiyyət üçün açıqdırlar və bu abu-hava insanı işə cəlb edir. Burada özünü yad hiss etmirsən, sanki elə burada yaşayırsan. Bütün bunlar çox xoşdur. Düşünürəm ki, imkan olduqca Bakıya tez-tez səfər edəcəyik.
“Juldız” Mərkəzindən danışsaq, qoruyub saxladığınız bir istiqaməti varmı? Biz 3 yaşdan 10 yaşa qədər qızları yığırıq. Bəzən olur ki, digər məktəblərin yetirmələri gəlir. Bütün yerli yarışlara öz komandamızı göndəririk, “Juldız”-ın gimnastları isə Qazaxıstan millisinin müxtəlif yaş qruplarına daxildir.
Yəqin Qazaxıstan gimnastlarının əsas məqsədi əfsanəvi Aliyə Yusupovanın nailiyətini təkrarlamaq və daha çox uğur qazanmaqdan ibarətdir, elə deyilmi? Yusupovadan sonra özlərini ifadə edə biləcək nəslin gəlməsi üçün, bu varisliyi qoruyub saxlamaq vacibdir. Əlbətdə istərdik ki, Aliyə kimi gimnastlarımız çox olsun. Biz bu istiqamətdə çalışırıq.
Bakıda əldə etdiyiniz təcrübəni öz Mərkəzinizdə tətbiq etməyiniz mümkündürmü? Bəli, burada ideyaları artırmaq üçün yetəri qədər imkan var. Azərbaycan yığma komandasının baş məqşçisi Mariana Vasilevanın ünvanına xoş sözlər çatdırmaq istərdim. O, ünsiyyət qurmağı bacaran səmimi insandır, düşünürəm ki, gələcəkdə Qazaxıstan məşqçilərini Bakıya təlimə göndərəcəyik. Həqiqətən, burada nümunə götürüləcək insanlar var. Marianayla tanışlığıma çox şad oldum. O, bizim gimnastların hərəkətlərinə düzəliş edərək, düzgün qaydanı özü nümayiş etdirir. Gimnastlar çox heyrətlənib. Həmçinin, indi “Juldız” Mərkəzinin yeni binası inşa edilməyə başlayır, hər şeyi düzgün təşkil etmək üçün biz, Arenanadan nümunə götürürük.