21 iyul 2016
“Bakının təşkilatçılıq imkanları sadəcə insanı heyran edir” – deyə, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin üzvü Daniella Dellekyaкi Trend-ə bildirib.
Onun sözlərinə görə, Bakının təşkilatçılıq imkanları insanı heyran edir: "Bu imkanlar çox böyükdür. Bu həm texniki, həm də iqtisadi aspektlərə aiddir. Çünki dövlət ölkədə idmanın inkişafına, o cümlədən gimnastikaya vəsait qoyur".
D.Dellekyari qeyd edib ki, bu, FIG-yə Bakıda daha çox yarış keçirməyə əsas verir: "Bu məqamları nəzərə alaraq, düşünürəm ki, gələcəkdə Beynəlxalq Gimnastika Federasiyası Bakıya daha çox yarış keçirmək imkanı verəcək. Bakıda keçirilmiş Dünya kubokları (idman gimnastikası və batut gimnastikası) göstərir ki, Bakı birincisi, gələcəkdə bədii gimnastika üzrə qitələrarası hakimlik kurslarını, ikincisi, Tokio Olimpiadasına (2020-ci il) lisenziya oynanılan 2019-cu ildə bədii gimnastika üzrə Dünya Çempionatını keçirməyə hazırdır".
Onun sözlərinə görə, Bakıdakı Dünya Kubokunun finalı cari gimnastika təqvimində çox vacib yarışlardır: "Yarışlar 2016-cı ilin Dünya Kubokları mərhələsini yekunlaşdırır, digər tərəfdən isə Rio Olimpiadası ərəfəsində faktiki olaraq gimnastlar üçün məşqdir".
D.Dellekyari əlavə edib ki, ümumilikdə son bir neçə il ərzində Azərbaycanda gimnastika xeyli inkişaf edib, bunun sayəsində ölkədə olduqca güclü gimnastlar hazırlanıb: "Bir neçə il əvvəl Bakıda olmuşam. Bu neçə il ərzində Azərbaycanda gimnastika fəal inkişaf edib. Sizin Gimnastika Federasiyanız iri struktura çevrilib, yaxşı təşkilatçı olub".
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparcaq. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.
“Trend” İnformasiya Agentliyi, 22 iyul 2016-cı il