08 fevral 2020
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokundan əvvəlki məşqlər yaxşı keçir. Bunu Gürcüstan gimnastı 3 Olimpiya oyununun iştirakçısı Lüba Qolovina deyib.
Gimnast deyib: "Məşq planlaşdırıldığı kimi gedir. Təlim-məşq toplanışının da Bakıda keçirilməsi Dünya kubokuna hazırlaşmağa çox kömək edir. Bizim üçün yaradılan şərait çox yaxşıdır, buna görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımızı bildiririk. Gündə iki dəfə məşq edirik və əla şərait diqqətimizi yayındırmadan proqramımızı yerinə yetirməyə kömək edir. Ümid edirəm ki, məşqlər eyni ritmdə davam edəcək və Dünya Kubokunda yaxşı nəticələr qazanacağıq".
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 15-16-da Bakıda baş tutacaq.
30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki turnir 2020-ci Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.
İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.
Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.