22 may 2021
"Vətəndə, Bakıdakı Milli Gimnastika Arenasının doğma və sevimli zalında çıxış edən zaman böyük məsuliyyət hiss edirsən", bunu aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının iştirakçısı, Azərbaycanlı gimnast Dilarə Qurbanova deyib.
D.Qurbanova bildirib: "Yarışda Azərbaycanı təmsil edəcəyimi biləndə həyəcanlandım, amma ailəmin, məşqçimin və komanda üzvlərimin dəstəyi sayəsində özümü toplaya bildim və bunun öhdəsindən gəldim. Seçmə mərhələdə, finala çıxa bilmədiyimə baxmayaraq, proqramı yerinə yetirməyimdən məmnun qaldım. Hər çıxışımda səviyyəmi yüksəltmək üçün daha çox çalışacağam".
Gimnast vurğulayıb ki, tribunalarda azarkeşlərin olmamasına baxmayaraq, yenə də onların dəstəyini hiss edirəm: "Əlbətdə ki, vətəndə, Bakıdakı Milli Gimnastika Arenasının doğma və sevimli zalında çıxış edən zaman böyük məsuliyyət hiss edirsən. Ancaq burada, necə deyərlər, doğma divarlar kömək edir. Təbii olaraq həyəcanlanırsan və ölkəni ləyaqətlə təmsil etməyə çalışırsan".
D.Qurbanova həmçinin komanda yoldaşlarına yarışda uğurlar arzulayıb.
"Trend" İnformasiya Agentliyi, 21 may, 2021-ci il.