15 mart 2017
Bakıda keçiriləcək Dünya Kubokunda bizim əsas ümidlərimiz dayaqla tullanma ilə bağlıdır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Gürcüstan Gimnastika Növləri Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya deyib.
O, Bakıya 3 kişi və 1 qadın gimnastla gəldiklərini deyib: “Biz bütün alətlərdə çıxış edəcəyik, amma əsas ümidlərimiz dayaqla tullanmayadır. Fikrimcə, burada bizim şansımız daha çoxdur. Birinci dərəcəli tapşırıq finala çıxmaqdır. Orada isə medallar uğrunda mübarizə aparmaq lazım olacaq. Bu bizim əsas məqsədimizdir”.
B.Qamsaxurdiyanın sözlərinə görə, Azərbaycan yenidən bu cür yarışlar zamanı yüksək səviyyəli təşkilatçılığını nümayiş etdirib: “Milli Gimnastika Arenasını mən çoxdan tanıyıram. Bu, müasir arenadır. İşıqlandırmaya gəldikdə isə onu qeyd edim ki, bu baxımlılığı artıracaq”.
Gürcüstanlı vitse-prezident builki Dünya Kubokunda rəqabətin çox yüksək olacağını vurğulayıb: “Buraya çoxlu adlı-sanlı idmançılar gəlib. Onlardan hər biri çıxış etdiyi alətdə çox güclüdür. Atda adəti üzrə Balkan ölkələri, paralel halqalarda Çin güclüdür. Bir sözlə, asan olmayacaq”.
“Trend” İnformasiya Agentliyi, 15 mart 2017-ci il