01 aprel 2022
Aprelin 1-də Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Milli Gimnastika Arenasında davam edən Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda iştirak edən gürcüstanlı gimnastlarla görüşüb.
Görüşdən sonra səfir Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə görüş barədə və ölkəmizdə keçirilən Dünya kuboku barədə təəssüratlarını bölüşüb.
- Bu möhtəşəm zalda birinci dəfə deyil ki, yarışları izləyirəm. Çox şadam ki, Azərbaycanda digər vacib mötəbər tədbirlərlə yanaşı, bu cür yüksək səviyyəli yarışlar keçirilir. Ölkənizdə turizm və idman sahəsi, eləcə də idman turizmi ildən-ilə inkişaf edir. İdman gimnastikası üzrə Dünya kubokunda gürcüstanlı idmançılar da qüvvələrini sınayırlar. Yaxşı nəticələrə ümid edirik. İnanıram ki, idman sahəsindəki dostluq əlaqələrimiz bundan sonra da uğurla davam etdiriləcək. Azərbaycanda idmanın yüksək səviyyəli maddi-texniki bazası mövcuddur. Milli Gimnastika Arenasında dünya səviyyəli yarışlar keçirilir. Burada həmçinin əcnəbi komandalar təlim-məşqlərdə iştirak edirlər. Ümid edirəm ki, tezliklə biz də Azərbaycan idmançılarını Gürcüstanda görəcəyik.
Gürcüstan idmançıları ilə görüşümdə onlar Azərbaycanla bağlı xoş təəssüratlarını mənimlə bölüşdülər. Bildiyiniz kimi, Azərbaycan və Gürcüstan arasında mədəniyyət, adət-ənənələr baxımından ortaq cəhətlər mövcuddur. Qeyd edim ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi eləcə də, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq həyata keçirilir. İnanıram ki, ölkələrimiz bundan sonra da bir-birini dəstəkləyəcək və qarşılıqlı təcrübə mübadiləsi həyata keçiriləcək.