İdman

gimnastikadan

başlayır

Avstraliya komandasının rəhbəri: "Azərbaycanda gimnastika sürətlə inkişaf edir"

31 oktyabr 2018

Avstraliya komandasının rəhbəri: "Azərbaycanda gimnastika sürətlə inkişaf edir"

Avstraliyanın batut gimnastikası üzrə komandası Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışı keçir.

Milli.Az bildirir ki, avstraliyalı idmançılardan ibarət komandanın rəhbəri Samanta Palmer Trend-ə bildirib ki, Milli Gimnastika Arenasında gimnastların məşqi üçün bütün zəruri şərait yaradılıb:

"Bakını seçdik, çünki komandamız burada keçirilmiş dünya kubokunda artıq iştirak edib. Deyə bilərəm ki, burada həqiqətən də möhtəşəm şərait yaradılıb və məşq üçün gözəl zal var. Bilirik ki, Azərbaycanda gimnastika sürətlə inkişaf edir. Siz bir çox beynəlxalq idman tədbirlərini qəbul edir və yüksək səviyyədə təşkil edirsiniz. İdmançılarımızın hazırlığı üçün belə gözəl şərait yaradılmasına görə minnətdarlığımızı bildiririk".

Avstraliyalı idmançılar bu ilin noyabrında Sankt-Peterburqda keçiriləcək batut gimnastikası üzrə dünya çempionatı ərəfəsində təlim-məşq toplanışı üçün məhz Azərbaycanın paytaxtını seçiblər.

Komandanın rəhbəri qeyd edib ki, avstraliyalı gimnastlar hələ ki məşq edirlər, Bakının gəzməli-görməli yerləri ilə tanış olmayıblar, lakin mütləq şəhəri gəzməyi planlaşdırırlar:

"Hazırda biz heç yerə gedə bilmirik. Sabah isə şəhərin qədim hissəsinə (İçərişəhər - red.) getməyi nəzərdə tuturuq".