03 aprel 2011
Fevralın sonunda Moskvada keçirilən "Qran-pri" seriyası üzrə yarışlarda Rusiya yığmasının baş məşqçisi və bədii gimnastika üzrə Azərbaycan milli komandasının məsləhətçisi İrina Viner dünya gimnastika xalçası üzərində işlərin real vəziyyətinin necə olduğundan danışıb.
- İrina Aleksandrovna, "Qran-pri"nin bu mərhələsi yeni reqlament üzrə keçirildi. Edilən prinsipial dəyişikliklərdən danışardınız.
- Əsas dəyişiklik iştirakçıların say tərkibinə aiddir. Aralarında mütləq dünya çempionu və ya Olimpiya çempionu olan cəmi üç gimnastı elan etməyin mümkün olduğu Dünya Kubokundan fərqli olaraq, "Qran-pri"də komandaların tərkibi genişləndirilə bilər.
- Necə düşünürsünüz, turnirdə bütün güclü gimnastlar iştirak etdilərmi?
- Bəli, Belarusdan, Azərbaycandan, Ukraynadan ən güclüləri. Son iki il ərzində İtaliya yığması qrup yarışlarında çox irəliləmişdi. Odur ki, rəqabət artır, lakin hələlik istənilən qədər nəzərəçarpacaq dərəcədə yox.
- Sual Sizə Azərbaycan milli yığmasının məsləhətçisi kimi verilir. Sizcə bu ölkədə bədii gimnastikanın inkişaf perspektivləri hansılardır?
- Mənə elə gəlir ki, Azərbaycan bədii gimnastikasının gələcək inkişafı Olimpiya oyunlarındakı üçlükdə olmaqdır. Aliyə Qarayeva çox yaxşı çalışır, onun böyük perspektivi var. Və yığmanın qrup çıxışları da çox uğurlu keçir, qızlar böyük üstünlüklərə malikdirlər. Bunu Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi öz məktubunda qeyd edərək Azərbaycan komandasını tərifləyib.
- Azərbaycan öz gimnastlarını çox dəstəkləyir. Bu, idmançıların uğurlarına təsir edirmi?
- Ölkə rəhbərliyi onlara qayğı göstərir. Bilirsiniz, mənim nənəm gözəl yemək bişirir. Mən ondan soruşuram ki, bu səndə necə alınır? Və o, həmişə cavab verir ki: nə qoyursan, onu da əldə edirsən. Azərbaycan gimnastikasının inkişafı üçün çox əmək sərf olunub və layiqli nəticə əldə olunur. Hələ 7-8 il əvvəl komanda autsayder idi, indi isə qızlar artıq üç dəfə dünya çempionatının bürünc mükafatçısı olublar, Olimpiya oyunlarının qrup yarışlarına düşüblər. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva həqiqətən hər şeyi edir ki, qızlar idmandan başqa heç bir problem barədə düşünməsinlər.
- Bəs indi Azərbaycan komandasının zəif və güclü tərəfləri hansılardır?
- Mən deməzdim ki, komandanın zəif tərəfi var, lakin gələcək üçün ehtiyat görmək istərdim. Çünki Qurbanova, Qarayeva artıq yaşa dolmuş qızlardır. Kim onları əvəz edəcək? Bəli, perspektivli Samirə Mustafayeva meydana çıxıb, bizdə məşq edən, daha sonra bir müddət uzaqlaşan Zeynəb Cavadlı sıramıza qayıdıb və indi yenidən çıxış edir. Lakin sonralar hazırkı gimnastları əvəz edəcək 1995-ci ilin gənc qızlarını görmək istərdim.
- İrina Aleksandrovna, Siz gözəl görünürsünüz və göründüyü kimi, hələ bir neçə il işləməyə və yeni istedadlar kəşf etməyə hazırsınız. Sizin şəxsi sirriniz nədədir?
- Sirr uşaqlardadır. Mənə görə, kim ki yaşlılarla işləyirsə, ən bədbəxt adamdır. Amma uşaqlar bəzən ziyankar və pis olsalar da, onlar daima ədalətli olurlar.
"Exo planetı" həftəlik jurnalı