İdman

gimnastikadan

başlayır

Bədii Gimnastika üzrə İtaliya komandası: “Biz burada özümüzü evdəki kimi hiss edirik”

03 sentyabr 2016

Bədii Gimnastika üzrə İtaliya komandası: “Biz burada özümüzü evdəki kimi hiss edirik”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Milli Gimnastika Arenasında (MGA) bu yaxınlarda təlim-məşq toplanışında iştirak edən bədii gimnastika üzrə İtaliya komandası ilə həmsöhbət oldu. Komandanın rəhbəri Anna-Mariya Zanqrili, məşqçilər Sandra Veroneze, Françeska Voçe və Konsuela Manfreda Azərbaycan və MGA-da yaradılmış şərait haqqında öz təəssüratlarını bölüşdülər.

1. Bu sizin Azərbaycana ilk səfərinizdir? Ölkəmiz haqqında təəssüratlarınızı eşitmək maraqlı olardı.

F. Voçe: Bəzilərimiz üçün bu Azərbaycana ilk səfərdir. Biz ölkənin gözəlliyi və buradakı inkişafa heyran olduq. Bizim məşqçilərdən biri – Sandra burada əvvəllər iki dəfə olub. Hər dəfə Bakıya səfərindən sonra, o, şəhərdə müşahidə etdiyi dəyişikliklər və inkişafla bağlı heyranlığını bildirir. Bu dəfə də o, yenidən burada olmağa və hər şeyin necə inkişaf etdiyini görməyə çox şaddır.

2. Şəhərdə gəzməyə imkan tapmısınızmı?

A. Zanqrili: Bəli, biz şəhərdə gəzmişik. Hər yerdə ucalan yeni müasir binalar bizi heyran edib. Düşünürəm ki, on ildən sonra Bakı Nyu-Yorka bənzəyəcək. Sizin binalar digər şəhərlərdəki kimi bir-birinə oxşamır. Gecələr işıqlandırma da möhtəşəmdir.

F. Voçe: Biz İçəri şəhəri, Qız Qalasını və Bulvarı gəzdik. Bulvar çox xoşumuza gəldi. Həmçinin Müasir İncəsənət Muzeyində də olduq.

3. MGA haqqında nə deyə bilərsiniz? Bura xoşunuza gəlirmi?

A. Zanqrili: Bu arenada bizim hər şey xoşumuza gəlir. Burada hər şey yüksək səviyyədə təşkil edilib, hər cür şərait yaradılıb. Bundan başqa, bizi buradakı məşqçilərin sayının çoxluğu təəccübləndirdi. Gündəlik işlərində onlar enerji ilə doludur. Məşq prosesi də mənim başqa ölkələrdə gördüklərimdən fərqlidir. Biz burada özümüzü evdəki kimi hiss edirik. Bütün federasiya böyük bir ailəyə bənzəyir. Bu çox vacibdir, çünki bu amil gimnastlara öz karyeralarını inkişaf etdirməyə çox kömək edir. Siz bununla fəxr etməlisiniz, belə bir şəraitə dünyanın başqa yerlərində nadir hallarda rast gəlmək olar.  

S. Veroneze: Mən bir çox ölkələrdə təlim-məşq toplanışlarında olmuşam, lakin heç bir yerdə belə bir idman qurğusu görməmişəm. Mən bu arenanı digər qurğularla müqayisə edə bilmərəm. Burada təşkilatçılıq yüksək səviyyədədir. Misal üçün İtaliyada belə bir şərait yoxdur.

4. Bizim komandamız haqqında nə deyə bilərsiniz?

A. Zanqrili: Onlar məşqçiləri tərəfindən çox yaxşı hazırlanırlar və nə etmək lazım olduğunu dəqiq bilirlər. Burada onlar bizə həvəslə kömək edirlər. Ətrafda gedən bu işi görmək sadəcə heyranedicidir.  

Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının Baş məşqçisi Marina Vasilevanın hər kəsə - qruplara, fərdi gimnastlara – vaxt tapmasını görmək çox xoşdur. Mən bilmirəm, o, bunu necə çatdırır (gülümsəyir). Deməliyəm ki, o, dahi insandır. Hiss edirəm ki, sizin gimnastlar gimnastika ilə məşğul olduqları üçün xoşbəxtdirlər. Məşqçilər gimnastları təkcə hazırlaşdırmır, onlar hər bir gimnasta hörmət və sevgi ilə yanaşır. Mənim buradakı məşqlərdən aldığım təəssüratı bu cür ifadə etmək olar. Düşünürəm ki, gələcəkdə sizin ilk yerləri qazanmaq şansınız daha çox olacaqdır.

5. Bakıya neçə gimnastla gəlmisiniz?

S. Veroneze: Biz buraya 4 gimnastla gəlmişik. Onlardan biri böyük, digərləri isə gənclərdir. Mənim üçün çətinlik elementləri çıxışın ən vacib hissələrindən biridir. İcra metodu və xoreoqrafiya da mühüm rol oynayır. Biz Bakıya təlim-məşq toplanışına gələn il də gəlməyi planlaşdırırıq. Bir həftədən sonra biz onların  çıxışlarında inkişaf görə bilərik.

6. Azərbaycan gimnastı Marina Durundanın Rio-2016 Olimpiya Oyunlarındakı çıxışı haqqında nə deyə bilərsiniz?

S. Veroneze: Marina çox yaxşı çıxış proqramı nümayış etdirdi, xüsusilə də çıxışın musiqi hissəsi və xoreoqrafiyası həqiqətən də çox gözəl idi. Mən onun finalda daha yaxşı yer tutacağını gözləyirdim.