İdman

gimnastikadan

başlayır

MACARISTAN GİMNASTİKA FEDERASİYASININ RƏHBƏRİ: PARLAQ KOMPOZISİYALAR AZƏRBAYCAN GİMNASTLARININ FƏRQLƏNDİRİCİ XÜSUSİYYƏTİDİR

08 oktyabr 2013

MACARISTAN GİMNASTİKA FEDERASİYASININ RƏHBƏRİ: PARLAQ KOMPOZISİYALAR AZƏRBAYCAN GİMNASTLARININ FƏRQLƏNDİRİCİ XÜSUSİYYƏTİDİR

Macarıstan yığmasının bir nömrəli gimnastı Dora Vass mütəmadi olaraq Bakıya toplanışlara gəlir, Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva ona məsləhətlərini verir. Bu günlərdə isə Macarıstan Bədii Gimnastika Federasiyasının prezidenti Norbert Korom Bakıya gəlib. O, təəssüratlarını bölüşüb və azərbaycanlı idmançıların uğurlarına heyran qaldığını bildirib.

- Bakıya ilk səfərinizdən təəssüratlarınız necədir?

- Təəssüratlarım çox gözəldir. Adətən mənə Azərbaycan haqqında bizim güclü gimnastımız Dora Voş danışır. Lakin eşitmək ayrı, öz gözlərinlə görmək isə tamam ayrı... Burada olduğum müddətdə bir çox yerlərə baxdım. Həmçinin, dünya səviyyəli arena olacaq tikilməkdə olan Gimnastika mərkəzini dəyərləndirə bildim. Bədii gimnastika üzrə Avropa çempionatının məhz Bakıda keçiriləcəyini bilmək çox xoşdur. Əminəm ki, bu yarışma yüksək səviyyədə keçiriləcək.

- Azərbaycanlı həmkarlarınızla bu və ya digər məsələləri müzakirə edə bildinizmi?

- Əlbəttə. Xüsusən də Azərbaycan Gimnastika Federasiyasının əldə etdiyi təcrübəni mənimsəmək həmişə faydalıdır. Bura təkcə idman sahəsində uğurlar deyil, böyük turnirlərin təşkili də aiddir. Bizim artıq çox səmimi münasibətlərimiz var və biz gimnastikanın inkişafı naminə gələcəkdə də sıx əməkdaşlıq edəcəyik. Həyata keçirəcəyimiz müəyyən ideyalar, layihələr var. Bizim gimnastımız Dora Voşa öz sahəsində ən yaxşı mütəxəssislərdən biri hesab etdiyim Mariana Vasileva məsləhət verir.

- Bu yaxınlarda Bakıya səfər etməyə yeni səbəbiniz olacaq. Belə ki, gələn il Bakı bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edəcək, həmçinin 2015-ci il ilk Avropa Oyunları və 2019-cu il dünya çempionatı...

- Bununla bağlı bir şeyi deyə bilərəm: azərbaycanlılar bəxtəvər millətdirlər! Vaxtilə Azərbaycan bədii gimnastlar arasında qitə və dünya birinciliyini qəbul edib, lakin qarşıdakı turnirlər tamamilə yeni səhifə olacaq. Elə məni heyran edən möhtəşəm Gimnastika mərkəzini götürək. Bakı ilk Avropa Oyunlarını keçirməklə tarix yazacaq. Və bu tarixi hadisələrdə iştirak etməyi çox istərdim.

- Macarıstan Gimnastika Federasiyasının hazırkı fəaliyyətinin əsas prioritetləri hansılardır?

- Müxtəlif səbəblərdən biz hələ liderlərlə - Azərbaycan, Rusiya, Ukrayna və Bolqarıstanla bərabər rəqabət apara bilmirik. Vaxtilə bizim güclü komandamız olub, lakin hazırda səviyyə bir qədər aşağı düşüb, hətta daxili rəqabət yüksək deyil. Təbii ki, biz çalışırıq, lakin vəziyyəti yaxşılaşdırmaq üçün vaxt lazımdır. Son üç Olimpiya oyunlarında biz bədii gimnastlarımızla təmsil olunmamışıq, lakin çox ümid edirəm ki, Dora Voş 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak edə biləcək. Bu, bizim ən ümdə tapşırıqlarımızdan biridir.

- Və yəqin ki, bunun üçün Voş Bakıdakı toplanış kömək etməlidir.

- Biz artıq hazırlıq planını formalaşdırmışıq və gələn il Avropa çempionatının başlamasına qədər Dora iki dəfə Azərbaycana gələcək. Mariana Vasilevanın rəhbərliyi altında məşqlər bizim idmançıların peşəkar inkişafına kömək edir və onun son çıxışları bunu təsdiqləyir.

- Bəs siz Azərbaycan gimnastlarının çıxışını izləyirsinizmi?

- Şübhəsiz. Mənim Lalə Yusifovanın "Böyük şəhərin işıqları"ndan Çarli Çaplinin obrazını canlandırdığı topla kompozisiyası çox xoşuma gəlir. Onun ifasına, idmançının mimikasına heyran qalmamaq mümkün deyil. Ümumiyyətlə, yaddaqalan kompozisiyalar sizin gimnastların fərqləndirici xüsusiyyətidir və burada Mariana Vasilevanın işini qeyd etmək lazımdır. Mən sadəcə sizin yığmaya və Gimnastika Federasiyasının işinə heyranam.