21 aprel 2022
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti təlim-məşq toplanışlarında iştirak məqsədilə ölkəmizə səfər edən Malayziyanın idman gimnastikası üzrə kişilərdən ibarət milli komandasının məşqçisi Ng Shu Liang ilə müsahibəni təqdim edir.
- Azərbaycana xoş gəlmisiniz. İlk olaraq bilmək istərdik, Malayziyada nə qədər idmançı idman gimnastikası ilə məşğul olur?
- Malayziyada ümumilikdə gənclər və böyüklər arasında 20-dən çox kişi və qadın gimnast idman gimnastikası ilə məşğul olur. Milli Mərkəzimizdə təxminən 20-dən çox gimnast bu növlə məşğul olur.
- Təlim-məşq toplanışı üçün nə üçün məhz Milli Gimnastika Arenasını seçmisiniz?
- Buraya məşqlər üçün gəlməyimiz Azərbaycanda yüksək səviyyəli zalın olması ilə bağlıdır. Burada möhtəşəm idman qurğuları, gözəl insanlar var. Həmçinin burada çox yaxşı gimnastlar var. Ona görə məhz Bakını seçmək qərarına gəldik.
- Azərbaycan və Malayziyanın gimnastika federasiyaları arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, federasiya əməkdaşları arasında yüksək səviyyəli dostluq münasibətləri mövcuddur.
- Gimnastlarınızın nəticələri barədə nə deyə bilərsiniz?
- Biz Bakıya gəlməmişdən əvvəl Qahirədə keçirilən Dünya kubokunda iştirak etdik. Burada məşqlərdə iştirak edən gimnastlardan bir neçəsi dayaqlı tullanma və dəstəli atda finala vəsiqə qazandılar. Qahirədən birbaşa Bakıda keçirilən Dünya kubokuna gəldik və burada qalıb məşqlərimizi davam etdiririk. Qarşıdakı bizi ciddi yarışlar gözləyir. Mayın 13-də başlayacaq Cənubi Asiya Oyunlarında iştirak edəcəyik.
- Bu, sizin Bakıya ilk səfərinizdir?
- Xeyr, bu mənim Azərbaycana ilk gəlişim deyil. Biz sonuncu dəfə oktyabr ayında iki həftəlik Bakıya gəlmişdik. Bu dəfə burada daha çox qalmağı düşünürük. Təxminən 14 gündən çox.
- Burada hansı məşqləri keçirsiniz?
- İdman gimnastikası üzrə müxtəlif məşqlər edirik. İdmançılarımız hər bir alət üzrə - sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, parallel qollar, turnik və s. məşqlər edirlər. Çalışırıq ki, idmançılarımız bütün alətlərdə öz qüvvələrini sınasınlar.
- Bakı haqqında təəssüratlarınızı bilmək istərdik.
- Bakı gözəl şəhərdir. Təbii ki, Azərbaycan Malayziya ilə fərqli mədəniyyətə malikdir. Bura mənim üçün yeni bir şəhərdir. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Hər dəfə şahidi oluram ki, burada insanlar çox mehribandırlar. Həqiqətən gözəl şəhərdir. Bir sözlə deyə bilərəm ki, Bakı uğurlu şəhərdir.
- Arenada gimnastlar üçün yaradılan şəraitdən razı qaldınızmı?
- Sadəcə möhtəşəmdir. Arena çox gözəldir. Burada gimnastika ilə məşğul olmaq üçün yüksək səviyyəli şərait mövcuddur. Təkcə idman gimnastikası deyil, bədii gimnastika, tamblinq, batut gimnastikası və s. idman növləri üzrə məşqlər etmək mümkündür.
- Azərbaycan gimnastları ilə birgə məşqlər etdinizmi?
- Böyüklər arasında bir sıra güclü Azərbaycan gimnastları var. Onlardan İvanı, Nikitanı bəyənirəm. Onların hər ikisi çox yaxşı gimnastlardırlar. Nikita buyaxınlarda halqa ilə hərəkətlərdə bürünc medal qazandı. Buraya səfər etdiyimiz vaxtdan onlarla dostluq münasibətlərimiz yaranıb. İdmançılarımız birlikdə məşq edirlər. Hesab edirəm ki, onlar Azərbaycanın ən yaxşı gimnastlarıdırlar.
- Maraqlıdır, Malayziyada gimnastikanın hansı növləri daha çox inkişaf edib?
- İdman gimnastikası üzrə dəstəli at üzrə peşəkar mütəxəssisimiz var. Bu növ bizdə daha yaxşı inkişaf edib. Dəstəli at, dayaqlı tullanma, sərbəst hərəkətlərdə yaxşı gimnastlarımız var. Gimnastlarımız əsasən çoxnövçülükdə deyil, ayrı-ayrı alətlər üzrə ixtisaslaşıblar. Bədii gimnastika da inkişaf edib. Hazırda gimnastlarımız Cənubi Asiya reytinqində birincidirlər. Sinqapur, Tayland, Vyetnam kimi Cənub-Şərqi Asiya ölkələri arasında ən güclülər sırasındadırlar. Bədii gimnastika komandamız may ayında Vyetnamın Hanoy şəhərində keçiriləcək Cənubi Asiya Oyunlarında iştirak edəcək. Qeyd edim ki, bədii gimnastlarımız da burada təlim-məşq toplanışlarında iştirak edəcəklər.