11 avqust 2018
Azərbaycanda gimnastikanın inkişafı Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi zamanı bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.
M.Vasileva bildirib: “Bizim üçün yaradılan bütün şəraitə və göstərilən dəstəyə görə Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Biz gündən-günə inkişaf edirik, irəli addımlayırıq. Bizə özümüzü göstərmək və daha da inkişaf etmək üçün şans verilib. Biz ən yaxşı yarışları təşkil edirik. Bizim milli yarışlarımız dünya çempionatları kimi keçir və təşkilatçılıq səviyyəsinə görə onlardan geri qalmır. Bizdə dünyanın ən yaxşı arenası var. Burada təkcə yarışlar keçirilmir, həm də təlim-məşq toplanışları təşkil olunur. Biz demək olar ki, təlim-məşq toplanışlarına getmirik. Əksinə, bizə arenamıza gəlirlər. Hazırda burada Misirin gənclərdən ibarət komandası məşq edir, keçən həftə Macarıstan, eləcə də Avstraliya, Latviya gimnastları burada olub. Yaxın günlərdə isə Yeni Zelandiya və Meksikadan idmançıları gözləyirik”.
Bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi barədə danışan M.Vasileva qeyd edib ki, yarışda yüzdən çox gimnast iştirak edir:
“Onlar həm fərdi, həm də qrup hərəkətlərində çıxış edir. Qeyd edim ki, gimnastların səviyyəsi və çıxışlarının keyfiyyəti həryarış daha da artır. Tamaşaçılar da bizi çox sevindirir, onlar nəinki öz uşaqlarını, hətta yarışda çıxış edən digər gimnastlara dəstək olurlar".
M. Vasileva qeyd etdiyinə görə, o hazırkı turnirdə ilin sonunda öz məşqlərinə Milli Gimnastika Arenasında davam etmələri üçün potensiallı gimnastlar seçdiyini vurğulayıb:
"Hakimlərin də fikrini öyrənmişəm. Onların da əsas məqsədlərindən biri ən perspektivli gimnastları nəzərə almaqdır və sevindirici haldır ki, onlarla fikirlərimiz üst-üstə düşür".