26 dekabr 2013
Şağan Olimpiya İdman Kompleksində keçirilən idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə Azərbaycan çempionatı həm yerli, həm də əcnəbi mütəxəssislərin diqqətini cəlb edib. Turnirin qonaqlarından biri, idman gimnastikası üzrə yarışlara hakimlik edən beynəlxalq dərəcəli hakim, Avropa Gimnastika İttifaqının (UEG) Texniki Komitəsinin üzvü Xorvatiyadan olan Mario Vukoyadır. O, birinciliyin səviyyəsini qeyd edərək perspektiv planları haqında və Bakıda keçiriləcək Avropa Oyunlarından gözləntilərdən danışıb.
- Yarışlar necə keçdi?
- Necə deyərlər, hər şey plana uyğun getdi. Ümumiyyətlə, belə təcrübəli hakim briqadası ilə, Latviyadan olan həmkalarım, Beynəlxalq Federasiyanın Texniki Komitəsinin üzvü Artur Mitskeviçlə birlikdə çalışmaq xoşdur. Çempionat yetərincə maraqlı keçdi, öz üzərlərində işləməyi davam etdirməli olan perspektivli uşaqlar var.
- UEG Texniki Komitəsində sizin üzərinizdə hansı öhdəliklər var?
- Çox güman ki, bu, ilin sonuna kimi, Texniki Komitə işçi iclasına toplaşanda müəyyən ediləcək. Təklif var ki, mən idman gimnastikası üzrə sərbəst tapşırıqlara kuratorluq etməyi öz üzərimə götürüm. Mən bu vəzifəni yerinə yetirməyə hazıram. Bildiyiniz kimi, mən özüm Xorvatiyadanam və bizə region ölkələri, o cümlədən azərbaycanlı həmkarlarla sıx təmasda işləmək lazımdır. Birgə toplantıların keçirilməsi, təlim düşərgələri həm Azərbaycan, həm də xorvat idmançılar üçün hazırlıqların səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Bu, ölkələrimiz üçün faydalı təcrübə olacaq.
- Sizin artıq Azərbaycan Gimnastika Federasiyası ilə müzakirə etdiyiniz hansısa təklif olubmu?
- Hər şeydən əvvəl, AGF-nin gimnastikanın inkişafı üzrə son dərəcə böyük işini qeyd etmək istəyirəm. Mən Gimnastika Mərkəzini gördüm. O, sadəcə olaraq, möhtəşəmdir. Biz yığmalarımızın birgə məşqləri mövzusunda danışdıq, bir sıra başqa məsələləri müzakirə etdik və əminəm ki, bizim əməkdaşlığımızın böyük gələcəyi var.
- Sizcə, yaxşı gimnastın hazırlanması üçün orta hesabla nə qədər vaxt tələb olunur?
- Gimnastika spesifik növdür. Üzgüçülük və atletika ilə yanaşı, o, əsas növlərdən biridir. Bir qayda olaraq, idman gimnastikasında gimnastlar 16 yaşından sonra ciddi nəticələr göstərməyə başlayırlar. Və əgər sən altı yaşından məşğul olmağa başlayırsansa, onda atletə bütün əsasları öyrətmək, onda öz gücünə inam yaranması məqsədilə nəzarət startlarını keçmək üçün haradasa on il vaxt lazım gəlir. Böyük hörmətlə qeyd etmək istəyirəm ki, bu, futbol deyil, burada iki-üç Olimpiya tsikli perspektivi ilə işləmək lazımdır.
Yalnız onda nəticə əldə etmək olur. Əlbəttə, hansısa konkret mərhələdə kömək edə biləcək legionerləri götürmək olar, amma gənc istedadların hazırlığı sistemini yaratmaq olar ki, yalnız bir nömrəli idmançılar deyil, həm də zaman-zaman liderləri əvəz etməyi bacaran ən yaxın ehtiyat olsun. Sadəcə vaxtla və səbrlə ehtiyat görmək lazımdır. Amma mən Azərbaycan çempionatında maraqlı uşaqları gördüm. Belə templərlə inkişaf etsə, Azərbaycanda tezliklə idman gimnastikası yüksək səviyyəyə çıxacaq.
- Yəqin indi hamı Bakıda 2015-ci il Avropa Oyunlarının başlanmasını səbirsizliklə gözləyir, axı gimnastika burada geniş formatda təqdim olunacaq.
- Ən vacibi odur ki, Azərbaycanda idmana dövlət tərəfindən güclü dəstək var. Bakının bədii gimnastika üzrə dünya və Avropa çempionatlarını keçirmək təcrübəsi var, Avropa Oyunlarını isə olimpiada adlandırmaq olar. Gözəl logistika, insan resursları, infrastruktur, arenalar və bir çox digər aspektləri nəzərə alaraq, əminliklə deyə bilərəm ki, yarış ən yüksək səviyyədə keçiriləcək və nümunəvi olacaq. Sizin imkanlarınız var və onları istifadə etmək lazımdır.
- Ümumilikdə Bakı barədə təəssüratlarınız necədir?
- Mən ilk dəfədir Bakıdayam və gördüklərimdən yaxşı mənada təəccübləndim. Müasir və klassikanı özündə birləşdirən gözəl binaların tikintisinə heyran qaldım. Onlar şəhərin mənzərəsinə və arxitekturasına ideal şəkildə uyğun gəlir. Ona görə də gördüklərimdən sadəcə olaraq heyrətləndim.
- Yaxınlarda böyük yarışların başlayacağını nəzərə alsaq, bu, paytaxtımıza son səfəriniz olmayacaq...
- Şübhəsiz ki, biz UEG-in Texniki Komitəsinin üzvləri kimi Avropa Oyunlarında sizə kömək etməliyik. Mən əminəm ki, bu yarış tarixə düşəcək səviyyədə olacaq. Və tarixin bu səhifəsi Bakıda yazılacaq.