21 iyul 2021
Tokio-2020 Olimpiya Oyunlarının başlamasına çox az bir müddət qalır. Gimnastika növləri üzrə yarışlarda çıxış edəcək təmsilçilərimiz Olimpiadada layiqi çıxış sərgiləmək üçün var qüvvələri ilə çalışırlar.
Olimpiya Oyunları çərçivəsində keçiriləcək kişi idman gimnastikası üzrə yarışlara qatılacaq İvan Tixonovun şəxsi məşqçisi Sergey Şestyorkin bildirib ki, hazırda bütün diqqət proqramların icrasında dəqiqliyin işlənməsinə yönəlib.
“Hazırlıq plana uyğun şəkildə davam edir. May və iyun ayında iki dünya kubokunda iştirak etdik və kifayət qədər uğurlu oldu. Bu yarışlarda yeni proqramı da sınaqdan keçirdik. Hazırda məşqlər maksimum dərəcədə gücləndirilmiş rejimdə davam edir”, - deyə məşqçi vurğulayıb.
O qeyd edib ki, çıxış proqramları yarışlarla sınaqdan keçirilib, son hazırlıq mərhələsində isə daha çox çətinlik üzərində çalışırlar və proqrama kiçik düzəlişlər edirlər.
S. Şestyorkin onu da bildirib ki, İvan təcrübəli idmançıdır və Olimpiada iştirakçısı olmaq kimi məsuliyyətli bir işin öhdəsindən gəlmək üçün səylə çalışır: “Əsas məqam son hazırlıq mərhələsində ritmi qoruyub saxlamaqdır.”