İdman

gimnastikadan

başlayır

Nikita Simonov Dünya çempionatına hazırlığı barədə: “Əhval-ruhiyyəm yüksəkdir, mübarizəyə hazıram!”

13 oktyabr 2026

Nikita Simonov Dünya çempionatına hazırlığı barədə: “Əhval-ruhiyyəm yüksəkdir, mübarizəyə hazıram!”

Müəllif: Con Kramliş (John Crumlish), International Gymnast Online

Tarix: 13 oktyabr 2026-cı il

Niderlandın Rotterdam şəhərində keçiriləcək Dünya çempionatı ərəfəsində halqalar üzrə iki dəfə Dünya çempionatının finalçısı olmuş Azərbaycanın idman gimnastı Nikita Simonov medal qazanmağı hədəfləyir. Onun gərgin məşqləri, zəngin təcrübəsi və indiyədək əldə etdiyi nailiyyətlər bu hədəfə çatmaq üçün nikbin olmasına əsas verir.

30 yaşlı gimnast karyerası ərzində Dünya kuboku və Dünya “Challenge” kubokları yarışlarında ümumilikdə 23 medal, həmçinin Avropa çempionatında gümüş medal qazanıb. Simonov indi Rotterdamda keçiriləcək yarışda ilk Dünya çempionatı medalına sahib olmaq əzmindədir.

International Gymnast Online nəşrinə müsahibəsində gimnast indiyədək qazandığı uğurların sirlərindən, Azərbaycan gimnastikasının tanınmış simalarından biri kimi gənc idmançılar üçün nümunə olmasından və Rotterdamda keçiriləcək Dünya çempionatı ilə bağlı gözləntilərindən danışıb.

IGO: 2023-cü il Dünya çempionatında beşinci yeri tutduqdan sonra Rotterdamda medal uğrunda mübarizə aparmaq üçün proqramınızda hansı dəyişiklikləri etmisiniz?

Nikita Simonov: 2023-cü il Dünya çempionatı ilə müqayisədə hərəkət kombinasiyalarının təkmilləşdirilməsi, səhvlərin aradan qaldırılması və elementlərin daha dəqiq, qüsursuz icrası istiqamətində ciddi iş aparılıb.

IGO: Sizcə, sizi halqalar üzrə digər güclü gimnastlardan fərqləndirən əsas xüsusiyyət nədir?

Nikita Simonov: 2026-cı ildə Bakıda keçirilən Dünya kuboku seriyasının afişasında halqalarda statik vəziyyətdə olduğum bir fotoşəkil yer alır. Düşünürəm ki, həmin şəkil ağ-qara rəngdə olsa belə, bir çox azarkeş məni ayağıma mükəmməl oturan corablarımdan və hərəkətlərimin estetikliyindən tanıya bilər.

IGO: Hərəkətləri bu qədər dəqiq və yüksək keyfiyyətlə yerinə yetirməyinizin sirri nədir?

Nikita Simonov: Əlbəttə, hərəkətlərin mükəmməl icrası uzun illər ərzində qazanılan təcrübənin, təkmilləşdirilmiş texnikanın və yüksək ustalığın nəticəsidir. Çətin elementi hər kəs yerinə yetirə bilər, lakin onu qüsursuz və son dərəcə dəqiq icra etmək hər kəsin bacardığı iş deyil!

IGO: Azərbaycan gimnastikasının tanınmış simalarından biri kimi milli komandanızın beynəlxalq reytinqdə daha yüksək pillələrə yüksəlmək potensialını necə qiymətləndirirsiniz? Sizcə, davamlı inkişaf üçün hansı amillər vacibdir?

Nikita Simonov: Azərbaycandan bir çox idmançı mənə yazır, dəstək olur və yarışlarda məni ruhlandırır. Onlar üçün örnək, kumir və motivasiya mənbəyi olmaq məni çox sevindirir.

Gənclərdən ibarət komandaya böyük ümidlər bəsləyirəm. Onlar artıq beynəlxalq yarışlarda təcrübə toplamağa başlayıblar. 2026-cı ildə Zaqrebdə keçirilən Avropa çempionatında isə ilk dəfə komanda şəklində mübarizə aparıblar.

Mənim fikrimcə, davamlı inkişaf üçün yarış təcrübəsi ilə yanaşı, psixoloji hazırlıq, düzgün düşüncə tərzi və səhv etməkdən qorxmamaq bacarığı da olduqca vacibdir. Hər bir çempion uğura gedən yolda səhvlərlə üzləşir. Əsas məsələ həmin səhvlərdən nəticə çıxarmaq, öz üzərində işləməyə davam etmək və heç vaxt təslim olmamaqdır.

IGO: İndiyədək qazandığınız nailiyyətlər arasında sizin üçün ən dəyərlisi hansıdır və nə üçün?

Nikita Simonov: Qazandığım hər bir medal mənim üçün dəyərlidir və onların hər birinin özünəməxsus hekayəsi var. Lakin biri mənim üçün xüsusilə əzizdir. Bu, 2024-cü ildə İtaliyanın Rimini şəhərində keçirilən Avropa çempionatında qazandığım ilk medaldır.

Həmin yarış mənim üçün xüsusi əhəmiyyət daşıyır. Orada həm gimnast, həm də şəxsiyyət kimi özümü daha yaxşı tanımaq imkanı əldə etdim. Dünyanın güclü halqa mütəxəssisləri ilə rəqabət aparmaq mənə böyük təcrübə qazandırdı.

IGO: Rotterdamda keçiriləcək Dünya çempionatı ərəfəsində əhval-ruhiyyəniz necədir?

Nikita Simonov: Olduqca gərgin və hadisələrlə zəngin bir il oldu. Dünya çempionatına intensiv hazırlaşmışıq. Əhval-ruhiyyəm yüksəkdir, mübarizəyə hazıram!


Nikita Simonov haqqında statistik məlumatlar

Doğum tarixi: 16 iyul 1996-cı il
Məşqçisi: Eldar Səfərov
Klubu: “Ocaq Sport” İdman Klubu, Bakı

Halqalar üzrə ən yaxşı nəticələri

Dünya çempionatları

  • 2023-cü il – 5-ci yer
  • 2018-ci il – 7-ci yer

Avropa çempionatları

  • 2024-cü il – 2-ci yer (gümüş medal)
  • 2025-ci il – 4-cü yer
  • 2022-ci il – 6-cı yer
  • 2026-cı il – 6-cı yer

Dünya kuboku yarışlarında qazandığı medallar

Qızıl medallar

  • 2023-cü il – Bakı Dünya kuboku
  • 2023-cü il – Qahirə Dünya kuboku
  • 2024-cü il – Kotbus Dünya kuboku
  • 2025-ci il – Bakı Dünya kuboku

Gümüş medallar

  • 2019-cu il – Bakı Dünya kuboku
  • 2024-cü il – Doha Dünya kuboku
  • 2025-ci il – Kotbus Dünya kuboku
  • 2025-ci il – Antalya Dünya kuboku
  • 2025-ci il – Osiyek Dünya kuboku
  • 2025-ci il – Qahirə Dünya kuboku
  • 2026-cı il – Kotbus Dünya kuboku

Bürünc medallar

  • 2022-ci il – Doha Dünya kuboku
  • 2022-ci il – Bakı Dünya kuboku
  • 2023-cü il – Doha Dünya kuboku
  • 2026-cı il – Antalya Dünya kuboku

Dünya “Challenge” kuboku yarışlarında (World Challenge Cup) qazandığı medallar

Qızıl medallar

  • 2019-cu il – Osiyek
  • 2019-cu il – Koper
  • 2022-ci il – Varna
  • 2023-cü il – Mersin
  • 2024-cü il – Sombathey

Gümüş medal

  • 2017-ci il – Osiyek

Bürünc medallar

  • 2022-ci il – Osiyek
  • 2026-cı il – Paris